×
A
A
A
Sazlamalar

Riqada Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Riqa, 5 aprel, AZƏRTAC
Latviya Universitetinin Akademik Kitabxanasında latviyalı tarixçilərin, ictimai-siyasi xadimlərin, jurnalistlərin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov xalqımızın tarixinin ən ağır və faciəli hadisələrindən biri barədə ətraflı söz açaraq deyib ki, dəfələrlə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş, lakin uzun illər siyasi və hüquqi qiymət verilməmiş azərbaycanlıların soyqırımı ölkəmizin tarixinin az tədqiq edilmiş səhifələrindən biridir. Ümummilli lider Heydər Əliyev 1998-ci martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bu Fərman ermənilərin “Daşnaksütyun” partiyasının hərbi birləşmələrinin vəhşiliklərinə hüquqi qiymət vermiş ilk sənəd olub.
O vaxtdan etibarən hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
C.Axundov diqqətə çatdırıb ki, 1918-ci ilin martından başlayaraq Bakı Kommunasının əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında ermənilərin bütün Cənubi Qafqazı, xüsusən də Bakını azərbaycanlılardan təmizləmək məqsədi güdən məkrli planının icrasına başlanıb. Azərbaycanlı tədqiqatçılar hesab edirlər ki, müstəqillik və barışmaz millətçilik ideyasını rəhbər tutan daşnaklar azərbaycanlı əhalini regiondan sıxışdırıb çıxarmaq üçün hər vasitəyə əl atıblar. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda, Azərbaycanın digər bölgələrində azərbaycanlıların soyqırımı xüsusi amansızlıqla həyata keçirilib. Həmin ərazilərdə dinc sakinlərə qarşı kütləvi qırğın törədilib, kəndlər yandırılaraq yer üzündən silinib, milli mədəniyyət abidələri məhv edilib.
Azərbaycan Respublikası Azərbaycan Demokratik Cümhuriyyətinin varisi kimi, soyqırımı hadisələrinə siyasi qiymət verməyi özünün borcu sayır. Səfir latviyalı tarixçilərə müraciət edərək, onları Azərbaycan tarixi barədə informasiyaya obyektiv yanaşmağa çağırıb.
Sonra 1918-ci ildə azərbaycanlıların soyqırımı haqqında sənədli film nümayiş etdirilib.
Anım tədbirində Latviya Universitetinin Latviya Tarixi İnstitutunun əməkdaşı Uldis Kreslinş “Latviya Respublikasının və Azərbaycan Demokratik Cümhuriyyətinin təşəkkülü: oxşar və fərqli cəhətlər. Hadisələrin xronologiyası (1917-1918)”, Latviya Milli Tarix Muzeyi direktorunun müavini İrina Zeybarte “Azərbaycan Respublikası ilə analogiya üzrə Latviya dövlətçiliyinin təşəkkülü”, Hərb Muzeyi direktorunun müavini Yuris Sıqanovs “Müstəqillik uğrunda mübarizə” mövzularında məruzələrlə çıxış ediblər. Onlar Azərbaycan və Latviya dövlətçiliklərinin təşəkkülünün ümumi cəhətlərini göstərərək, hər iki dövlətin siyasi müstəqillik, mədəni muxtariyyət uğrunda mübarizə apardıqlarını vurğulayıblar. Azərbaycanın və Latviyanın Rusiya İmperiyası ilə qarşılıqlı münasibətlərinin çoxsaylı aspektləri qabardılıb, həmin tarixi dövrdə Azərbaycanın və Latviyanın iqtisadi, sosial, mədəni və siyasi həyatına Rusiyanın təsiri qiymətləndirilib.
“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin başçısı, Latviya Prezidenti yanında Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədri Roman Əliyev diqqətə çatdırıb ki, 1918-ci ilin martında ermənilər əks-inqilabçı qüvvələrlə mübarizə adı altında pərdələnərək, azərbaycanlı əhaliyə qarşı cəza aksiyası törədiblər. Həmin günlərdə minlərlə azərbaycanlı təkcə milli mənsubiyyətinə görə məhv edilib. R.Əliyev vurğulayıb ki, hər il Azərbaycan xalqı tərəfindən qeyd edilən Azərbaycanlıların Soyqırımı Günü bu gün də davam edən şovinizm və separatizm faktlarına dünya birliyinin diqqətini cəlb etmək məqsədi daşıyır.
Tanınmış latviyalı jurnalist, LR4 radiosunun prodüseri Konstantin Kazakov AZƏRTAC-a müsahibəsində deyib: “Bu gün biz 1918-ci il hadisələri zamanı həlak olmuş insanların xatirəsini yad etmək üçün “dəyirmi masa” arxasında toplaşmışıq. İnanıram ki, Azərbaycan ərazisində, Dağlıq Qarabağda sülh bərqərar olacaq, ermənilərlə azərbaycanlılar dil tapa biləcəklər, Latviya isə sülh dialoqunun keçirilməsinə kömək edəcək. Hesab edirəm ki, hər bir dəhşətin sonu olmalıdır. Təəssüf ki, Azərbaycan və azərbaycanlılar üçün bu dəhşət bitmir, hələ də ixtilaflar var və bunlar yaşamağa və inkişaf etməyə mane olur. Bu ixtilaflar ermənilərə də mane olur.
Bakı gözəl, çoxmillətli, tarixi şəhərdir. Təəssüf ki, azərbaycanlılar 1918-ci il hadisələrinin qurbanı olublar. Faciəli haldır ki, həmin hadisələrə ermənilər başçılıq ediblər. Ermənilərlə azərbaycanlılar arasında ixtilaf artaraq, 1990-cı ildə Bakıda daha dəhşətli Yanvar hadisələrinin törədilməsinə gətirib çıxarıb və bu da öz növbəsində artıq başqa imperiyanın çökməsinə səbəb olub. Azərbaycan və Latviya tarixlərində belə dəhşətli hadisələr çoxdur. Bu hadisələrin bir daha təkrarlanmaması üçün biz tarixin ibrət dərslərini unutmamalıyıq. Yaxşı ki, müzakirə etmək və danışmaq imkanımız var. Axı həqiqət amansız döyüşlərdə deyil, dialoq zamanı ortaya çıxır. Mən sülh tərəfdarıyam”.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Qan yaddaşı 2018-04-05 16:21:00