×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Hindistan arasında iki sənəd imzalanıb

Suşma Svarac: Hindistan Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır

Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Hindistanın xarici işlər naziri xanım Suşma Svaracın görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və Hindistan Respublikası Xarici İşlər Nazirliyinin Xarici Xidmət İnstitutu arasında Anlaşma Memorandumu” imzalanıb.
Sazişi Azərbaycanın və Hindistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Suşma Svarac, memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev və Hindistan xarici işlər nazirinin katibi Ruçi Qranaşyam imzalayıblar.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan ilə Hindistan arasında tarixi əlaqələr mövcuddur. Bu gün keçirilən görüşdə ölkələrimiz arasında ticarət, elm, mədəniyyət, enerji və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Həmçinin informasiya texnologiyaları sahəsində əməkdaşlıq və kadr hazırlığı məsələlərinə toxunuldu. Hindistanlı nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatlandırıldı. Hindistan həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də ayrı-ayrı beynəlxalq sənədlərdə Azərbaycanın mövqeyini dəstəkləyir.
Nazir görüşdə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin qərara alındığını da söyləyib. O əlavə edib ki, Hindistan tərəfi hökumətlərarası komissiyanın növbəti iclasının bu ilin mayında Dehlidə keçirilməsini təklif edib. “Şimal-Cənub nəqliyyat marşrutlarına böyük önəm veririk. Hindistan tərəfi buna maraq göstərir. Hindistan şirkətləri Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyur”, - deyə o qeyd edib.
Nazir Suşma Svarac görüşün məhsuldar keçdiyini, ikitərəfli əməkdaşlığın inkişafına, eləcə də beynəlxalq, regional məsələlərə dair müzakirələrin aparıldığını deyib. O bildirib ki, Hindistan Azərbaycan ilə münasibətlərin inkişafında maraqlıdır. Əsrlərboyu mədəni mübadiləmiz münasibətlərimizin inkişafına töhfə verib. Son illərdə Azərbaycana qoyulan sərmayələrin xeyli artdığını vurğulayan nazir görüşdə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı ilə bağlı müzakirələr aparıldığını diqqətə çatdırıb.
Suşma Svarac qeyd edib ki, Hindistan infrastruktur, biznes və təhsilin inkişafında maraqlıdır. Azərbaycan birgə müəssisələrin yaradılması, dərmanların istehsalı üçün Hindistandan mütəxəssislər dəvət edib. “Biz nəqliyyat dəhlizlərinin yaradılmasında da maraqlıyıq. Energetika sahəsində tərəfdaşlıq etməkdən məmnunuq”, - deyə o bildirib.
Xanım nazir deyib ki, Hindistan terroru qlobal təhlükə hesab edir, terrorizmə qarşı mübarizə sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var. O, inandığını bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlu nəticələr əldə olunacaq.

Xarici siyasət 2018-04-04 19:45:00