×
A
A
A
Sazlamalar

Özbəkistanın tnews.uz portalı Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə yayıb

Daşkənd, 3 aprel, АZƏRTAC

Özbəkistanın tnews.uz portalı rus dilində “Azərbaycanlıların soyqırımının 100 illiyi. Azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var” sərlövhəli məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xalqın tarixi keçmişinin obyektiv tədqiqinə imkan yarandığı, gizli faktların üzə çıxdığı, qadağan edilmiş mövzuların açıldığı, təhrif olunmuş hadisələrə düzgün qiymət verildiyi bildirilib.
Yazıda deyilir ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının və Azərbaycanın tarixi torpaqlarının bölünməsinin təməlini qoyub, ərazilərin işğalına başlanıb, ermənilərin müxtəlif yerlərdən bu torpaqlara köçürülməsi siyasəti həyata keçirilib. Vurğulanır ki, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə köçürülən ermənilər bu torpaqlarda yaşayan azərbaycanlılardan sayca çox az olmalarına baxmayaraq, himayədarları sayəsində “erməni vilayəti” adlanan inzibati bölgənin yaradılmasına nail olurlar və bununla da azərbaycanlıların öz torpaqlarından qovulması prosesi başlanıb.
Məqalədə ermənilər tərəfindən müxtəlif illərdə, o cümlədən 1918-ci ildə Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər rayonlarda törədilən vəhşiliklər haqqında məlumat verilir. Bildirilir ki, bu ərazilərdə azərbaycanlıların kütləvi qırğını həyata keçirilib, yüzlərlə kənd və qəsəbə yandırılıb, milli mədəni sərvətlər dağıdılıb və məhv edilib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

31 mart 2018-04-03 10:37:00