×
A
A
A
Sazlamalar

31 mart soyqırımı qurbanlarının xatirəsi Vyanada da anılıb

Vyana, 2 aprel, AZƏRTAC
Azərbaycanlılara qarşı törədilmiş soyqırımının 100 illiyi ilə əlaqədar aprelin 2-də Vyanada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyində (AZER-DER) anım tədbiri keçirilib.
Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Dərnəyin rəhbəri Yardım Günəş tədbir iştirakçılarına 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün tarixi, başvermə səbəbləri və nəticələri barədə məlumat verib. Qeyd edilib ki, xarici havadarlarının vədlərindən şirniklənən erməni millətçiləri hələ XIX əsrin sonundan başlayaraq Azərbaycan və Osmanlı Türkiyəsinin yerləşdiyi coğrafiyada öz dövlətlərini yaratmaq üçün fəaliyyətə başlayıblar. Bu məqsədə çatmaq üçün heç bir vasitədən çəkinməyən erməni quldur dəstələri zaman-zaman Azərbaycanın müxtəlif bölgələrində yerli əhaliyə qarşı qırğınlar törədiblər. Bolşevik-daşnak cinayətkarlarının əli ilə törədilən bu qırğınlar 1918-ci ilin yazında pik həddinə çatıb. Bu məqsədyönlü soyqırımı siyasəti müasir dövrümüzdə də davam edir. Ötən əsrin sonlarında Azərbaycan torpaqlarının Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğalı, Xocalı və digər yaşayış məntəqələrində törədilmiş qətliamlar, bir milyon soydaşımızın öz ata-baba torpaqlarından didərgin salınması bu soyqırımına hələ də son qoyulmadığını göstərir.
Tədbirin yekununda soyqırımı qurbanlarının ruhuna Quran ayələri oxunub, 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar mətbuat üçün bəyanat qəbul olunub.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

31 mart 2018-04-02 17:40:00