×
A
A
A
Sazlamalar

Xorvatiyanın HINA agentliyi 31 mart soyqırımından yazır

Zaqreb, 2 aprel, AZƏRTAC

Xorvatiyanın HINA xəbər agentliyi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə yayıb. Ombudsman Elmira Süleymanovanın 31 mart soyqırımı ilə bağlı bəyanatından fikirlərin yer aldığı məqalədə bildirilir ki, erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və təcavüz siyasəti 200 illik tarixə malikdir. 1918-ci il martın 31-də bədnam Bakı kommunasının başçıları və şovinist ermənilər müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törədiblər. Silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni silahlı dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər.
Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla bu hadisələrə siyasi-hüquqi qiymət verildiyi, azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasının ilk dəfə rəsmi surətdə bəyan edildiyi vurğulanır. Bildirilir ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilən soyqırımıdır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

Qan yaddaşı 2018-04-02 14:22:00