×
A
A
A
Sazlamalar

Suraxanıda “Tarix unudulmur” devizi altında yürüş keçirilib

Bakı, 2 aprel, AZƏRTAC
Suraxanı rayonunda azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı “Tarix unudulmur” devizi altında yürüş keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər.
Yürüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar rayonun Bülbülə qəsəbəsində ucaldılmış soyqırımı abidəsini ziyarət edib, Bülbülə və Yeni Suraxanı qəsəbələrində yerləşən Şəhidlər xiyabanlarında torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın məzarları önünə tər güllər düzüblər.
Çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Suraxanı rayonunun Bülbülə, Əmircan, Yeni Suraxanı qəsəbələrində yaşayan insanlar da erməni soyqırımına məruz qalıblar. Çoxlu sayda günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Azərbaycanlıların kütləvi qırğını, doğma torpaqlarından didərgin salınması XX əsr Azərbaycan tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin ölkəmizin müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları bir millət kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.
İcra başçısı, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimiz tərəfindən görülən işlərdən ətraflı bəhs edib.

Qan yaddaşı 2018-04-02 11:22:00