×
A
A
A
Sazlamalar

Səbail rayonunda soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı imzaladığı Sərəncamın icrası ilə bağlı paytaxtın Səbail rayonunda geniş tədbirlər planı hazırlanıb, idarə, təşkilat və müəssisələrdə, ali və orta təhsil, mədəniyyət müəssisələrində müxtəlif konfranslar, “dəyirmi masa”lar, toplantılar keçirilib, rəsm və kitab sərgiləri təşkil olunub, ingilis dilinə tərcümə edilmiş “Azərbaycanlıların soyqırımı” kitabının təqdimatı keçirilib, məktəblilərin Memorial Soyqırımı Muzeyinə ekskursiyaları təşkil olunub.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, soyqırımının 100 illiyinə həsr olunmuş növbəti tədbir Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının qərargahında rayon rəhbərliyinin, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə çıxış edərək rayonda keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımına məruz qalıb.
Vurğulanıb ki, uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq, “böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakıda və Azərbaycanın bir sıra bölgələrində minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. 1992-ci ilin fevralında isə ermənilər havadarlarının köməyi ilə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı aktı törətdilər.
Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib.
Eldar Əzizov bildirib ki, Ulu Öndərin siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalanıb.
Sonra çıxış edən Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev, müharibə veteranları Bəhrəm Ağakişiyev, Yuri Qaraqanov, İradə Sadıqova və başqaları 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş və görüləcək işlər barədə danışıblar.
Sonda iştirakçılar tərəfindən havaya qara şarlar buraxılıb.

Qan yaddaşı 2018-04-02 09:09:00