×
A
A
A
Sazlamalar

Respublikamızın qərb bölgəsində 31 mart soyqırımı müxtəlif tədbirlərlə qeyd olunub

Tovuz, 31 mart, Famil Quliyev, AZƏRTAC 

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti 1918-1920-ci illərdə daha geniş yayılıb. Onlar Bakıda, Şamaxıda, Qubada, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızlıqla qətlə yetiriblər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci il martın 31-də törədilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tovuzda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə səsləndirilib. Tədbiri rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov açaraq ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı törədilən soyqırımlarından danışıb.
Çıxışlarda bildirilib ki, erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni ideoloqların uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.
Erməni daşnaklarının xalqımıza qarşı törətdikləri qırğınların ən dəhşətlisi isə 1918-ci ildə olub. Həmin il martın 30-da erməni–bolşevik birləşmələrinin Bakını Xəzər dənizindən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qəddarlıqla həyata keçirilən qırğınlar kütləvi hal alıb, silahlanan erməni əsgərləri dinc əhalini vəhşicəsinə məhv ediblər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 10 mindən çox, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı amansızlıqla qətlə yetirilib, yaşayış binaları, məscidlər və məktəblər yandırılıb. Lakin təəssüflər olsun ki, bu soyqırımına hüquqi-siyasi qiymət verilməyib. Yalnız ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında həmin hadisələrə hüquqi-siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığı ilk dəfə rəsmi olaraq bildirilib.
Sonra tədbir iştirakçıları Tovuz şəhərinin Şəhidlər xiyabanında ucaldılan soyqırımı abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar. Torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olan tovuzluların xatirəsi də yad edilib.

xxx

Tarix boyu imperialist qüvvələrin havadarlığı ilə erməni qəsbkarları Vətənimizə və xalqımıza qarşı məkrli addımlar atıblar, qırğın və soyqırımları həyata keçiriblər. Belə qanlı olaylardan biri də 1918-ci il 31 mart tarixində erməni daşnak-bolşevik birlikləri tərəfindən törədilib.
Bu fikirlər isə Bakı Dövlət Universitetinin Qazax filialında erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım tədbirində səsləndirilib.
Filialın direktoru, professor, Əməkdar Elm Xadimi Vüsət Əfəndiyev çıxış edərək iştirakçılara 31 mart soyqırımı haqqında ətraflı məlumat verib.
Tədbirdə erməni vəhşiliklərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Filialın müəllimi Yasin Əliyev “Mart soyqırımının ictimai-siyasi səbəbləri və nəticələri” mövzusunda məruzə ilə çıxış edərək erməni millətçilərinin qanlı cinayətləri barədə faktların gənclərə çatdırılmasının vacibliyini vurğulayıb.
Sonra filialın müəllimi Ülviyyə Bayramova və I kurs tələbəsi Səbinə Səlimova mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

xxx

31 Mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şəmkir Rayon İcra Hakimiyyətində də anım tədbiri keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 31 mart soyqırımı haqqında ətraflı məlumat verərək bildirib ki, düz 100 il əvvəl - martın 31-dən aprelin 3-dək Bakı Sovet və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törədilib, 10 minlərlə azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilib.
Çıxışlarda uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı keçirilən soyqırımı aktları diqqətə çatdırılıb. Bu tarixi faciələrin gələcək nəsillərə çatdırılması məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu qeyd ediblər.

xxx

Ağstafa rayon Şəhidlər xiyabanında da 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər. Şəhidlər xiyabanı ziyarət olunaraq Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub, məzarları üstünə qərənfillər düzülüb. 1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirdikləri soyqırımı əməlləri lənətlənib.

Qan yaddaşı 2018-03-31 19:57:00