×
A
A
A
Sazlamalar

Ukrayna saytında 31 mart soyqırımı ilə əlaqədar Qubada keçirilmiş yürüş və konfrans haqqında məqalə verilib

Bakı, 1 aprel, AZƏRTAC

Ukraynanın “Versii” saytında AZƏRTAC-ın xüsusi müxbiri Emil Hüseynlinin 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba şəhərində keçirilmiş yürüş və konfrans barədə məqaləsi verilib.
“Azərbaycanlıların soyqırımının 100 illiyi qeyd edilir” sərlövhəli məqalədə tarixi xronologiya barədə məlumat verilir, 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Qubada Soyqırımı Memorial Kompleksinə yürüş təşkil olunduğu diqqətə çatdırılır.
Məqalədə deyilir ki, yürüş iştirakçıları 1918-ci ildə Azərbaycanda törədilmiş soyqırımının hüquqi qiymətləndirilməsinə dair tələb irəli sürüblər. Yürüşün Quba şəhərində keçirilməsi təsadüfi deyildi. Bir neçə il bundan əvvəl burada torpaq işləri görülən zaman yüzlərlə insanın qalıqlarının olduğu kütləvi məzarlıq tapılıb. Aparılmış tədqiqatın nəticəsində bu insanların 1918-ci il soyqırımının qurbanı olduğu müəyyənləşib.
Yazıda Quba Soyqırımı Memorial Kompleksinin zalında keçirilmiş 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair respublika elmi konfransı haqqında da ətraflı məlumat verilir. Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ermənilərin azərbaycanlılara törətdiyi soyqırımı aktlarına dair fikirləri ukraynalı oxucuların diqqətinə çatdırılır.

Qan yaddaşı 2018-04-01 09:25:00