×
A
A
A
Sazlamalar

Azərbaycanlılara qarşı törədilən soyqırımı torpaqlarımızın işğalı ilə müşayiət olunur

Kürdəmir, 1 aprel, AZƏRTAC 

Kürdəmirdəki Heydər Əliyev Mərkəzində “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri “dəyirmi masa”da ilk öncə 1918-ci il soyqırımı hadisələrinə həsr olunan “Tarixin görünən və görünməyən üzü” adlı sənədli film nümayiş etdirilib.
Sonra soyqırımı qurbanlarının və vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli azərbaycanlılara qarşı XIX-XX əsrlərdə törədilən bütün faciələrin torpaqlarımızın zəbti ilə müşayiət olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ermənilərin azərbaycanlılara qarşı düşünülən, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasəti bu gün də davam etməkdədir.
“Dəyirmi masa”da “Azərbaycanlıların soyqırımının mahiyyəti və tarixi kökləri”, “31 mart - tarixin qanla yazılan yaddaşı”, “Kürdəmir soyqırımı illərində”, “Azərbaycanlıların soyqırımının təbliği və gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur” mövzularında məruzələr dinlənilib.
Çıxışlarda ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri vəhşiliklərə obyektiv, hüquqi-siyasi qiymətin verilməsi diqqətə çatdırılıb. Vurğulanıb ki, 1998-ci ilin martın 26-da imzaladığı Fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan etməsi Ümummilli Liderin tarixi xidmətlərindən biridir.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin, eləcə də Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən soyqırımının araşdırılması, dünyaya çatdırılması istiqamətində gördükləri ardıcıl və məqsədyönlü işlərdən danışılıb.
Bildirilib ki, məhz onların səyi nəticəsində Azərbaycanın haqq işi və xalqımızın başına gətirilən faciələr bütün dünyaya çatdırılıb.

31 mart 2018-04-01 03:11:00