×
A
A
A
Sazlamalar

Əlahiddə Çevik Polis Alayında soyqırımı qurbanlarının xatirəsi yad edilib

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən alay komandiri, polis general-mayoru Zaur Abdullayev bildirib ki, Prezident İlham Əliyev yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Bir əsr əvvəl “böyük Ermənistan” xülyası ilə başqa xalqların torpaqları hesabına dövlət qurmaq istəyən daşnaklar öz rəzil himayədarlarının havadarlığı ilə insanlıq adına ləkə olan qanlı cinayətlər törədiblər. Ermənilər cəzasızlıqlarından daha da azğınlaşaraq etnik təmizləmə və soyqırımı siyasətini on illiklər boyu davam etdiriblər. Təəssüf ki, demokratiyanın, bəşəri dəyərlərin guya beşiyi olan dövlətlər həmin qanlı cinayətlərə, soyqırımına biganə qalıb. Yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra üzləşdiyimiz faciələrə obyektiv siyasi qiymət verilib. Ümummilli Liderin mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Nuru Məmmədov azərbaycanlılara qarşı törədilmiş qətliamların, eyni zamanda, 1918-ci ilin martında baş verən soyqırımının tariximizin qanlı səhifəsi olduğunu deyib. Qeyd edib ki, erməni millətçiləri iki əsr ərzində azərbaycanlılara amansız soyqırımı və etnik təmizləmə siyasəti həyata keçiriblər. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirib erməni dövləti qurmaq məqsədi güdüblər. Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Dağlıq Qarabağ əzəli Azərbaycan ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəliblər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olub.
Professor N.Məmmədov diqqətə çatdırıb ki, 1890-cı ildə Daşnaksütyun partiyasını yaratmaqla mənfur niyyətlərinə başlayan ermənilər özlərini məzlum kimi təqdim edərək, Qafqazda, Türkiyədə soyqırımlar, bir sıra ölkələrdə çoxsaylı terror hadisələri, kütləvi qırğınlar törədiblər. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti mərhələlərlə davam edib. XIX əsrin sonlarında-XX əsrin əvvəllərində xüsusən, 1905-1907-ci və 1918-ci illərdə Bakıda və bölgələrimizdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin bəd niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin növbəti mərhələsi idi. Bu illərdə erməni millətçiləri Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədib, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb və dağıdılıb. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən çox yaşayış məntəqəsini viran qoyub, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşüblər. Ermənilər 200 mindən çox azərbaycanlını uşaq, qadın, qoca fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparıblar. Erməni silahlı dəstələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək olan dövrdə İrəvan quberniyasında 197, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilib, yandırılıb və viran qoyulub. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter alıb. Amma amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan çıxaraq öz taleyinə və torpaqlarına sahib çıxıb, Şərqdə ilk müstəqil respublika yaradıb.
Professor N.Məmmədov erməni ideoloqlarlarını və onların silahlı əlaltılarının ölkəmizə qarşı təcavüzünün köklərinə də toxunub, xalqımızın üzləşdiyi tarixi ədalətsizliklərə, qarşılaşdığımız müsibətlərin siyasi və çağdaş aspektlərinə nəzər salıb.

31 mart 2018-03-31 21:01:00