×
A
A
A
Sazlamalar

Ermənilərin törətdikləri soyqırımı həmvətənlərimizə qarşı ayrı-ayrı dövrlərdə müxtəlif formalarda davam edib

Bakı, 31 mart, AZƏRTAC
31 Mart - azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələrində silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirdə Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani 1918-ci ildə ermənilərin törətdikləri vəhşiliklərin, qırğınların mahiyyətindən danışıb.
Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev ermənilər tərəfindən törədilən və 100 illiyini andığımız soyqırımının həmvətənlərimizə qarşı ayrı-ayrı dövrlərdə müxtəlif formalarda davam etdiyini, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə XX əsrin sonlarında da belə cinayətlər törətdiyini qeyd edib. R.Əliyev əminliklə bildirib ki, bu soyqırımlara baxmayaraq, güclü Azərbaycan dövləti, Azərbaycan Ordusu qələbə qazanacaq.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, tarix elmləri doktoru Mehman Süleymanov soyqırımının tarixindən, 1918-ci ildə törədilən qanlı qırğınların səbəb və nəticələrindən, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyətindən danışıblar.
Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi tərəfindən “Vətən yad edir” rekviyem-tamaşası nümayış etdirilib.

Qan yaddaşı 2018-03-31 19:21:00