×
A
A
A
Sazlamalar

Türkiyənin “Yeniçağ” və “Milat” qəzetlərində 31 mart soyqırımı haqqında məqalələr dərc olunub

İstanbul, 31 mart, AZƏRTAC 

Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu Məsim Hacıyevin “Yeniçağ” və “Milat” qəzetlərində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalələri dərc olunub.
Məqalələrdə soyqırımının tarixi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, öz havadarlarına arxalanan erməni-daşnak silahlı dəstələri xalqımıza qarşı ağır cinayətlər, soyqırımları törədiblər. Bu antibəşəri hərəkətlər 1918-ci ilin mart ayında daha geniş miqyas alıb.
Müəllif Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və süqutunun səbəbləri barədə türkdilli oxuculara məlumat verir. Diplomat tarixi faktlara əsaslanaraq yazır ki, ermənilərin zaman-zaman dünya ictimaiyyətini aldadaraq bəhs etdiyi saxta “erməni soyqırımı” məsələsi uydurma siyasi mövzudan başqa bir şey deyil. Kimin soyqırımına məruz qaldığını bilmək istəyənlər Xocalı soyqırımına ədalətlə baxsınlar.
Məqalələrdə, həmçinin 1918-ci ilin mart hadisələrinin araşdırılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarlarından, o cümlədən Qafqaz İslam Ordusunun Bakı şəhərini erməni-daşnak işğalından azad etməsi istiqamətində həyata keçirdiyi hərbi yürüşün tarixi mahiyyətindən bəhs olunur.
Diqqətə çatdırılır ki, xalqımıza qarşı törədilmiş soyqırımlarının, tariximizin gerçəkliyinin sovet dövründə unutdurulması istiqamətində işlər görülüb. Lakin dövlət müstəqilliyimiz bərpa olunandan sonra tədricən bu məsələlər öz axarına düşüb. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı isə bu sahədə sistemli fəaliyyət istiqamətlərini müəyyən edib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Qan yaddaşı 2018-03-31 19:17:00