×
A
A
A
Sazlamalar

Pakistan mətbuatı 31 mart soyqırımından yazır

İslamabad, 31 mart, AZƏRTAC
Pakistanın “Associated Press of Pakistan”, DNA agentlikləri və “Sentreline” jurnalı Azərbaycanın bu ölkədəki səfirliyinin 31 mart soyqırımı ilə bağlı məlumatını yayıb.
Məlumatda qeyd edilir ki, Azərbaycan xalqı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının 100 illiyini qeyd edir. Erməni şovinistləri və onları dəstəkləyənlər Azərbaycan torpaqları, eləcə də Türkiyə və Gürcüstan ərazilərində mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə son iki əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. Bu siyasətin başlanğıc nöqtəsi kimi, XIX əsrin əvvəllərindən etibarən İran və Türkiyədən minlərlə erməni ailəsi tarixi Azərbaycan əraziləri olan Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər əyalətlərə köçürülüblər. Ermənilər 1918-ci ilin martında azərbaycanlıların kütləvi qətlini həyata keçiriblər. Erməni qoşunları martın 31-də, həmçinin aprelin 1-2-də Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə qanlı qırğınlar törədiblər. Bu soyqırımı zamanı tarixi binalar və ziyarətgahlar top atəşinə tutulub, paytaxtdakı Cümə və Təzəpir məscidlərinin minarələri ciddi zədələnib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin törətdiyi ağır cinayətləri araşdırmaq üçün Fövqəladə İstintaq Komissiyası təsis etsə də, respublikanın süqutu ilə bu proses dayanıb.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra uzun illər gizli saxlanılan həqiqətlər tədricən üzə çıxdı. Soyqırımından 80 il sonra Azərbaycan Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə həmin dəhşətli hadisələrə siyasi qiymət verildi, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Bildirilir ki, bu soyqırımından sonrakı dövrlərdə də ermənilərin azərbaycanlılara qarşı davam edən düşmənçilik siyasəti sübut edir ki, erməni şovinistləri öz niyyətlərindən əl çəkmək fikrində deyillər. Belə ki, etnik təmizləmə və təcavüz siyasətinin davamı kimi Ermənistan Dağlıq Qarabağ və 7 ətraf rayonu işğal edərək, 1 milyon azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Erməni terrorçuları 1992-ci il fevralın 26-da Xocalıda qanlı qırğın törədib, şəhər yer üzündən silinib, qocalar, qadınlar, uşaqlara aman verilməyib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, AŞPA-nın 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qətnaməsi Dağlıq Qarabağın və 7 ətraf rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib. Buna baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərarlara məhəl qoymayan Ermənistan tərəfi daim qeyri-konstruktiv mövqe nümayiş etdirərək, regionda sülhün bərqərar olmasına maneələr yaradır.
Vurğulanır ki, ədalətə nail olmaq, beynəlxalq hüququn norma və prinsiplərinin funksionallığını təmin etmək məqsədilə Azərbaycan beynəlxalq ictimaiyyəti 1918-ci il 31 mart–2 aprel tarixlərində azərbaycanlılara qarşı törədilən qırğınları soyqırımı aktı kimi tanımağa çağırır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalıdır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Qan yaddaşı 2018-03-31 18:23:00