×
A
A
A
Sazlamalar

Soyqırımı qurbanlarının xatirəsi Gəncəbasar bölgəsində də anılıb

Gəncə, 31 mart, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin ictimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları tərəfindən 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri haqqında ətraflı məlumat verib.
Bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Muğan və Lənkəranda törətdiyi soyqırımı nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan yurd-yuvasından didərgin salınıb. Təkcə Bakıda 30 min nəfər xüsusi qəddarlıqla öldürülüb. Bu gün soyqırımı aktının dünyaya çatdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla müntəzəm iş aparılır.
İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov XIX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən düşünülmüş şəkildə Azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsinin dağılmasından, yüz minlərlə azərbaycanlının qətlə yetirilməsindən, Azərbaycanın başqa bölgələrində də soyqırımın xüsusi qəddarlıqla həyata keçirilməsindən danışıb və deyib ki, azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixində ən qanlı səhifələrdən biri hesab etmək olar.
Anım tədbirində çıxış edənlər qeyd ediblər ki, bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra alıb. Ulu öndər Heydər Əliyevin mart hadisələrinin 80-ci ildönümü ərəfəsində - 26 mart 1998-ci il tarixli Fərmanı erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir.

X X X

Naftalan şəhərində 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov, şəhər icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq mühafizə orqanlarının əməkdaşları və şəhər ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları Naftalan şəhərindəki “Xatirə kompleksi”ni ziyarət edərək şəhidlərin xatirəsini yad edib, əklil və qərənfillər qoyub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.

X X X

Samux rayonunda 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bildirib ki, 1998-ci ildən 31 mart respublikamızda dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.
Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Qeyd edilib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılıb, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alıb. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

X X X

Xocalı rayon Mədəniyyət evində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə ümumrayon tədbiri təşkil edilib.
Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəssisə, idarə rəhbərləri və rayon ziyalıları iştirak ediblər.
Əvvəlcə 31 mart soyqırımına və Xocalı soyqırımına aid kitablardan ibarət sərgiyə baxış keçirilib.
Tədbir iştirakçıları tərəfindən respublikamızın ərazi bütövlüyü uğurundan canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Tədbiri açan Xocalı rayon İHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı hadisələrindən danışıb.
L.Qarayeva bildirib ki, soyqırımı aktlarının həyata keçirilməsində əsas məqsəd xalqımızı öz doğma torpaqlarından çıxarmaq və həmin torpaqlarda erməni ideoloqlarının uydurduqları "böyük Ermənistan" dövləti yaratmaq olub. Ermənilər 1918-ci ilin mart-aprel ayında xalqımıza qarşı xüsusi vəhşiliklə kütləvi qətliamlar və qırğınlar törədiblər. Həmin dövrdə yalnız Bakıda 12 mindən çox azərbaycanlı etnik milli zəmində qətlə yetirilib.
Sonra məruzə ilə çıxış edən Xocalı rayon Meşəli kənd tam orta məktəbinin tarix müəllimi Sabir Qasımov ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı siyasətinə tarixi faktlarla nümunələr gətirib.
Xocalı rayon prokuroru Kamran Məmmədov bildirib ki, Azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırıla bilmişdir.
Sonda Xocalı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış Xocalı soyqırımının acı həqiqətlərini əks etdirən qısametrajlı film nümayiş etdirilib.

31 mart 2018-03-31 18:24:00