×
A
A
A
Sazlamalar

1918-ci ilin sentyabrına qədər davam edən soyqırımı zamanı Lənkəran qəzasında 40-dan artıq kənd yandırılıb

Bakı, 31 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzində (LREM) azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar elmi-praktik seminar keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmləri doktoru, professor Fərman Quliyev mənfur qonşularımız ermənilər tərəfindən tarixən xalqımıza qarşı törədilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsinin 1918-ci il martın 31-də xüsusi qəddarlıq və amansızlıqla həyata keçirildiyini bildirib.
Mərkəzin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov “31 mart azərbaycanlıların soyqırımı günü” mövzusunda məruzə ilə çıxış edərək bolşevik-daşnak qüvvələri tərəfindən həyata keçirilən kütləvi qırğınların Bakı ilə yanaşı, Quba, Şamaxı, Lənkəran və digər ərazilərdə də baş verdiyini qeyd edib. M.Cəfərov 1918-ci ilin sentyabrına qədər davam edən soyqırımı zamanı Lənkəran qəzasında 40-dan artıq kəndin yandırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Arxeologiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Samir Kərimov isə “Quba məzarlığı soyqırımı abidəsi kimi” mövzusunda məruzə ilə çıxış edib. O, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradıldığını, bu abidənin xalqımızın bolşevik-daşnak qüvvələri tərəfindən soyqırımına məruz qalmasının təsdiqi kimi mühüm əhəmiyyətini vurğulayıb.
Mərkəzin arxeologiya şöbəsinin elmi işçisi Aydan Dadaşova 31 mart soyqırımının nəticələrindən danışıb. O, 1918-ci il 31 mart soyqırımının xalqımızın qan yaddaşında əbədi yer tutduğunu, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu bildirib.
Lənkəran Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Hüseyn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran şəhər 9 nömrəli məktəbin müəllimi Rahim Nuriyev, Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbinin müəllimi Həmzağa Rüstəmov və başqaları Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart soyqırımına ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini qeyd ediblər.

Qan yaddaşı 2018-03-31 18:18:00