×
A
A
A
Sazlamalar

“Jewish Journal” 1918-ci ilin mart hadisələrindən yazıb

Vaşinqton, 31 mart, AZƏRTAC
Amerikanın “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə müsəlmanların və yəhudilərin azadlıq mübarizəsi tarixindən, habelə 1918-ci ildə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımından danışılır. 1918-ci ilin mart-aprel hadisələrini təsvir edən müəllif yazır ki, Azərbaycanda mart soyqırımı ölkə tarixinin qanlı səhifəsidir. Milix Yevdayev erməni daşnaklarının bolşeviklərin dəstəyi ilə Azərbaycanın hər yerində azərbaycanlı müsəlmanlara və Qubada dağ yəhudiləri icmasının üzvlərinə qarşı qırğınlar törətdiklərini qeyd edir.
M.Yevdayev bolşeviklərin lideri Vladimir Leninin Sovet Rusiyasının Bakı nefti olmadan yaşaya bilməyəcəyi haqqında dediklərindən, Bakıya və onun neftinə tam nəzarət etməkdən ötrü bolşeviklərin başda Stepan Şaumyan və erməni daşnakları olmaqla, şəhərin azərbaycanlı müsəlman əhalisinə qarşı cəbhə yaratmasından yazır.
Bakının azərbaycanlı sakinlərinə qarşı vəhşilik özünün ən yüksək nöqtəsinə 1918-ci il martın sonunda çatdı. Həmin vaxt dinc əhaliyə qarşı soyqırımı həyata keçirildi. M.Yevdayev yazır ki, bir neçə gün ərzində dəhşətli qətliam nəticəsində minlərlə azərbaycanlı, o cümlədən qadın və uşaqlar erməni daşnakları və bolşeviklər tərəfindən vəhşicəsinə qətlə yetirildi. O vaxt Bakıda yaşayan hər beş azərbaycanlıdan biri öldürülüb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) aparılan araşdırma nəticəsində məlum olub ki, Bakıda yaşayan yəhudilər həmin hadisələrdə azərbaycanlıları kütləvi qırğından qorumaq üçün əllərindən gələni əsirgəməyiblər.
Məqalədə, həmçinin qeyd olunur ki, ölkənin hər yerinə yayılan anti-Azərbaycan talanlarında, o cümlədən Qubada 50 min azərbaycanlı öldürülüb. M.Yevdayev qeyd edir ki, Qubada müsəlman və yəhudilər vətənin müdafiəsi üçün qüvvələrini birləşdirmişdilər. Həmin günlərdə ermənilər tərəfindən 3 min yəhudi qətlə yetirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

31 mart 2018-03-31 17:04:00