×
A
A
A
Sazlamalar

Azərbaycanlıların soyqırımının ildönümü ilə əlaqədar Vyetnamda anım tədbiri keçirilib

Bakı, 31 mart, AZƏRTAC

Vyetnam Milli Universitetində Azərbaycanın bu ölkədəki səfirliyi 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin tələbə və professor-müəllim heyəti iştirak edib.
Ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov “böyük Ermənistan” xülyasını həyata keçirmək arzusunda olan erməni-daşnak millətçilərinin 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran, Naxçıvan və Qarabağ bölgələrində minlərlə azərbaycanlını amansızcasına qətlə yetirərək xalqımıza qarşı soyqırımı törətdiklərini bildirib.
Dünyanın müxtəlif yerlərindən ermənilərin kütləvi şəkildə əzəli Azərbaycan torpaqlarına köçürülərək, bununla da indiki Ermənistan dövlətinin təməlinin qoyulduğunu bildirən diplomat erməni millətçilərinin Azərbaycan torpaqlarına əsassız iddialarını gerçəkləşdirmək üçün xalqımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə siyasətini həyata keçirdiyini və çoxlu sayda vəhşiliklər törətdiyini diqqətə çatdırıb.
A.İmanov tarixboyu təcavüzkar siyasət yeridən və qanlı əməllərindən əl çəkməyən ermənilərin öz havadarlarının köməyi ilə tarixi torpaqlarımızı işğal etməyi özlərinin əsas məqsədlərinə çevirdiyini bildirərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub. Münaqişə haqqında ətraflı məlumat verən diplomat deyib ki, zəbt olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərinin müddəaları bu günədək yerinə yetirilməyib.
Səfir Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycan suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkünlüyünü vurğulayıb.
Tədbirdə azərbaycanlıların soyqırımından bəhs edən film nümayiş olunub.

Qan yaddaşı 2018-03-31 17:00:00