×
A
A
A
Sazlamalar

Soyqırımı qurbanlarının xatirəsi Qarabağ bölgəsində də yad edilib

Ağdam, 31 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

31 mart - Azərbaycanlıların Soyqırımı Günü respublikamızın hər yerində olduğu kimi, Qarabağ bölgəsində də müxtəlif tədbirlərlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonlarda anım mərasimləri, sərgilər keçirilib, soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.

Tərtər

Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, hərbçilər “Şəhidlər” abidəsi önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıb, məktəblilərin müvafiq mövzuda çəkdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

Gənclər Mərkəzində davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz ildən artıq bir müddətdə həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıb. Bildirib ki, tarixi torpaqlarımızda “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər çirkin niyyətlərinin həyata keçməsi üçün ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, minilliklər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb. 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti aparılaraq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törədilib.
Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirib, yüz minlərlə insanı torpaqlarından didərgin salıblar.
Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş məkrli siyasəti sovet dövründə də davam etdirilib, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilib, 1948-53-cü illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya ediliblər. Ötən əsrin axırlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirilən növbəti soyqırımı və işğal nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib, bir milyondan artıq soydaşımız öz dədə-baba torpağından didərgin düşüb, ərazimizin daha 20 faizi işğal edilib.
Tədbirdə rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri Pənah Məmmədov və başqaları çıxış edərək, ermənilər tərəfindən törədilən vəhşiliklərdən söz açıb, bu faciələrin heç vaxt unudulmayacağını bildiriblər.

Ağdam

Ağdam rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar əvvəlcə rayonun girişindəki “Şəhidlər” abidə-kompleksi önünə tər qərənfillər düzərək, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar.
Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında davam edən tədbirdə XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslərdən, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışılıb. Bildirilib ki, əsrlərboyu Azərbaycanın qədim torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan erməni millətçiləri bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atıb, bəşəriyyət tarixində görünməmiş vəhşiliklər törədiblər. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında və aprelin əvvəlində Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar həyata keçirib, on minlərlə soydaşımızı qətlə yetiriblər.
Tədbirdə soyqırımına həsr olunan sənədli film göstərilib.

Füzuli

Horadizdə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlar barədə məlumat verib. Bildirilib ki, təkcə ötən əsrdə erməni vandalları tərəfindən azərbaycanlılara qarşı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) etnik təmizlənmə və deportasiya, soyqırımı həyata keçirilib. Lakin uzun illər ərzində bu acı həqiqətlər dünya ictimaiyyətinə çatdırılmayıb və erməni vəhşiliyinə siyasi qiymət verilməyib. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib. Xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə verilib. Azərbaycanlıların soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən mühüm işlər görülür.

Ağcabədi

Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüblər. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəblilər soyqırımına həsr olunan kompozisiya ilə çıxış ediblər.

Xocavənd

Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər də 1918-ci ilin mart soyqırımı qurbanlarının xatirəsini anıblar.
Xocavəndli məcburi köçkünlər “Yeni Xocavənd” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül-çiçək qoyublar. Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, dualar oxunub.
Bütün məktəblərdə anım tədbirləri keçirilib.

Laçın

Laçınlı məcburi köçkünlər soyqırımı qurbanlarının xatirəsini müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində anıblar. Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə qəsəbədə ucaldılmış “Şəhidlərin xatirə kompleksi”ni ziyarət edərək, önünə tər gül dəstələri düzüblər.
Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək, 1918-ci il martın sonu – aprelin əvvəllərində ermənilər tərəfindən törədilən kütləvi qırğınlardan bəhs edib, mart hadisələri zamanı baş verənləri bəşəri cinayət adlandırıb.
Digər çıxış edənlər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğın və deportasiya siyasətindən danışıb, bu hadisələrin səbəbkarlarına hiddət və nifrətlərini ifadə edib, işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində azad ediləcəyinə əminliklərini bildiriblər.

31 mart 2018-03-31 16:37:00