×
A
A
A
Sazlamalar

Ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı kütləvi qətllərin qarşısının alınmasında mühüm tədbirlər həyata keçirilib

Bakı, 31 mart, AZƏRTAC
XIX əsrin sonu-XX əsrin başlanğıcında erməni siyasətçiləri və din xadimləri qatı millətçi mövqedən çıxış edərək əvvəlcə Şərqi Anadoluda, ardınca Cənubi Qafqazda, əzəli Azərbaycan torpaqlarında “böyük Ermənistan” yaratmaq üçün türk-müsəlman əhaliyə qarşı kütləvi qətl və qarətlər törətmək, günahsız, dinc insanları öz ata-baba torpaqlarından qovmaq, etnik təmizləmə siyasəti yeritmək haqqında təbliğata başlayıblar. Ozamankı Rusiya ali hakimiyyəti nümayəndələrinin hərtərəfli yardımları ilə ermənilər silahlandırılıb və 1905-1906-cı illərdə azərbaycanlı əhaliyə qarşı zorakılıqlar törətməyə, yaşayış yerlərini dağıtmağa və ya yandırmağa, qadın, uşaq və qocalar da daxil olmaqla qarşılarına çıxan hər kəsi qətl etməyə yönləndirilib. “Daşnaksütyun” partiyası liderlərinin canfəşanlıqla həyata keçirdikləri kütləvi qətl və qarətlər əvvəlcə Bakıda, ardınca Naxçıvanda, İrəvanda, Şuşada və digər bölgələrdə minlərlə dinc insanın məhvinə, yurd-yuvalarının dağılmasına gətirib çıxarıb.
Bu barədə Azərbaycan Universitetinin ictimai elmlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Qabil Əliyevin AZƏRTAC-a təqdim etdiyi məqaləsində məlumat verilir. Məqalədə XX əsrin əvvəllərində azərbaycanlılar əleyhinə kütləvi qətllərin qarşısının alınması istiqamətində görülən işlərdən söz açılır.
Müəllif bildirir ki, Birinci Dünya müharibəsinin son mərhələsində Rusiyanın silahlandırdığı erməni dəstələri 1917-ci il Fevral inqilabından, xüsusən də Oktyabr çevrilişindən sonra Qafqazda hakimiyyət orqanlarının zəifliyindən yararlanaraq dinc müsəlman əhaliyə qarşı zorakılıqların miqyasını daha da genişləndirirlər. Sovet Rusiyasının himayəsindən, bolşevik təbliğatından öz mənafeyi üçün istifadə edən S.Şaumyan və onun ətrafındakılar mənfur məqsədlərini reallaşdırmağa başlayıblar. Bu güruh 1918-ci ilin mart-aprel aylarında Sovet hakimiyyətinin düşmənlərinə qarşı mübarizə adı altında Erməni Milli Şurası və “Daşnaksütyun” partiyasının silahlı dəstələrini də cəlb etməklə Bakı şəhərində, sonra da Şamaxı, Quba, Lənkəran və digər qəzalarda müsəlman-türk əhalini məhv etməyə başlayıb. Həmin günlərdə azərbaycanlılarla yanaşı, tat, talış, ləzgi və digər müsəlman əhali kütləvi surətdə qətlə yetirilib. Xalqımızın üzləşdiyi bu son dərəcə ağır vəziyyət ziyalılar, ictimai xadimlər, milli burjuaziya nümayəndələri, müsəlman ruhaniləri, bölgələrin nüfuzlu şəxslərini hərəkətə keçirib. Onlar, ilk növbədə, erməni qətl və qarətlərini durdurmağa, rus hakimiyyəti nümayəndələrinin qanlı hadisələrə müdaxilə etmələrinə nail olmağa çalışıblar. Dinc metodlarla buna müvəffəq olmadıqda isə təşkilatlanmağa qərar verilib. Qeyrətli ziyalı və ictimai xadim Əhməd bəy Ağayevin rəhbərliyi ilə Difai partiyasının, ardınca digər fədakar Vətən oğulları tərəfindən “Müdafiə” və “Birlik” təşkilatlarının yaradılması erməni zorakılıqlarının qarşısının alınmasında böyük rol oynayıb.
Məqalədə qeyd edilir ki, 1917-ci ildə Müsəlman Milli Şurasının təsis edilməsi, yerlərdə bu təşkilatın şöbələrinin fəaliyyətə başlaması, azərbaycanlıların silahlandırılması üçün tədbirlərin görülməsi artan erməni-rus qətl və qarətlərinin qarşısını almaq məqsədini güdürdü.
Bu istiqamətdə Gəncə quberniyasında, xüsusən Gəncə şəhərində nüfuzlu şəxslərin, el ağsaqqallarının, ictimai-siyasi xadimlərin fəaliyyəti həm erməni təxribatlarının qarşısını almağa, həm də dinc azərbaycanlı əhalini erməni-rus hərbçilərinin zorakılıqlarından qorumağa imkan verib. Gəncə ziyalıları, din xadimləri və digər nüfuzlu şəxslər tərəfindən əsası qoyulmuş Türk Ədəmi Mərkəziyyət Federalistlər Partiyası bu istiqamətdə önəmli addım olub. Bu partiya leqal fəaliyyətə başlayan “Müsavat” partiyası ilə birlikdə azərbaycanlı əhalinin hüquqlarının qorunması, xalq hərəkatının doğru məcraya yönəldilməsi istiqamətində çox böyük rol oynayıb. Uzun müddət gizli fəaliyyət göstərmiş Difai partiyası üzvləri yenidən dinc müsəlman əhalinin həyatının və əmlakının qorunması uğrunda mübarizəyə başlayıblar. Bu təşkilatlarda təmsil olunan insanların qətiyyətli fəaliyyəti 1917-ci ilin sonu–1918-ci ilin ilk aylarında Gəncədə və ətrafındakı yaşayış məntəqələrində azərbaycanlı əhalinin erməni silahlı dəstələrinin basqınlarından müdafiə edilməsinə şərait yaradıb. Əlbəttə, bu faktlar qürurvericidir və yüz il əvvəl xalqımızın üzləşdiyi fəlakətlərin miqyasının daha ağır olmamasına görə o dövrdə misilsiz fədakarlıqlar göstərmiş soydaşlarımıza əbədi minnətdarıq. Günümüzdə soyqırımı hadisələrindən bəhs edərkən onun qarşısını almaq üçün ölüm-dirim mübarizəsinə atılan qeyrətli xadimlərimiz haqqında da məlumat vermək mənəvi borcumuzdur. Unutmamalıyıq ki, yeni soyqırımı dəhşətlərinin yaşanmaması üçün hər birimiz, böyüklü-kiçikli Azərbaycan Respublikasının qüdrətinin artmasına, müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə, bütün sahələrdə davamlı inkişafa nail olmaq üçün töhfələrimizi verməliyik.

31 mart 2018-03-31 16:30:00