×
A
A
A
Sazlamalar

Nizami Kino Mərkəzində soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 31 mart, AZƏRTAC
Martın 30-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Nizami Kino Mərkəzinin foyesində nümayiş olunan azərbaycanlıların müxtəlif dövrlərdə məruz qaldığı soyqırımlardan bəhs edən fotosərgi ilə tanış olublar.
Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirilən dəhşətli faciələrdən söz açıb. Bildirib ki, erməni daşnakları zaman ötdükcə tarixi torpaqlarımıza, yurd yerlərimizə iddia etməyə başlayıblar.
Nazir müavini qeyd edib ki, 100 il bundan öncə mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib. Bakı və Quba şəhərlərində və ölkəmizin digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilib. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə, qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Ə. Vəliyev vurğulayıb ki, bu hadisələrdən 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilərək 31 mart -Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən 1918-ci ildə törədilmiş soyqırımı hadisələrinin 100 illiyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən təsdiq edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqrımların dünyaya tanıdılması istiqamətində bir sıra təbliğat işləri həyata keçirilir. Almaniyanın paytaxtı Berlində Xocalı adlı abidə ucaldılıb.
“Hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də respublikanın çoxsaylı mədəniyyət ocaqlarında bu münasibətlə tədbirlər təşkil olunur. Bu il də ölkə rəhbərinin müvafiq Sərəncamına əsasən müxtəlif tədbirlər gerçəkləşəcək. Paytaxtla yanaşı, regionlarda da soyqırımı qurbanların xatirəsi yad ediləcək, tariximizin qan yaddaşı olan bu faciə bir daha xatırlanacaq”, -deyə nazir müavini qeyd edib.
Sonda ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərdən bəhs edən, rejissorlar Ələkbər Muradovun "Yaddaşın rəmzi. Quba-1918" və Zamin Məmmədovun "Xocalının zamini" sənədli filmləri nümayiş edilib.

31 mart 2018-03-31 16:17:00