×
A
A
A
Sazlamalar

AMEA-nın Gəncə bölməsində “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” kitabının təqdimatı olub

Gəncə, 31 mart, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş “31 mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın qan yaddaşıdır” mövzusunda “dəyirmi masa” təşkil edilib. Həmçinin eyniadlı elmi-tarixi kitabın təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev bir əsr öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən faciələrdən danışıb. Soyqırımının xronologiyasına nəzər salan akademik bildirib ki, erməni silahlıları bolşeviklərin köməyilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan-böyüyədək qətlə yetiriblər. Vurğulanıb ki, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən başlayaraq martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov “Soyqırımı haqqında erməni mifləri və həqiqətləri”, tarix elmləri doktoru Elgün Aslanov “XX əsrin əvvəllərində Azərbaycanda soyqırımı hadisələrinin coğrafiyası, miqyası və xronologiyası”, AMEA Gəncə Bölməsinin elmi işçisi Mətanət Əliyeva “Azərbaycanlılara qarşı soyqırımlarının tarixi kökləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonra professor H.Sadıqovun “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı elmi-tarixi kitabı iştirakçılara təqdim olunub.
Vurğulanıb ki, bu əsər uzun illər boyunca mənfur qonşularımızın azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının dərindən və hərtərəfli öyrənilməsində böyük əhəmiyyətə malikdir.
Tədbir müzakirələrlə davam edib. İştirakçılara “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” kitabı təqdim olunub.

Regionlar 2018-03-31 15:38:00