×
A
A
A
Sazlamalar

Balakəndə soyqırımı qurbanlarının xatirəsi anılıb

Balakən, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC

1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 31-də Balakən şəhərində keçirilən anım tədbirində səsləndirilib.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gül-çiçək düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə iki yüz ilə yaxın bir müddətdə ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, törətdikləri faciələr konkret faktlarla bir daha xatırlanıb, Ermənistanın bu gün də davam edən təcavüzkarlıq siyasəti qətiyyətlə pislənilib. Qeyd olunub ki, erməni millətçilərinin həyata keçirdikləri terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başının üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxıb. Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri önə çəkilib.
Çıxışlarda vurğulanıb ki, ölkə rəhbərliyinin qətiyyəti sayəsində Ermənistanın işğalçılıq siyasəti artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də pislənilir, Azərbaycanın ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən dəstəklənir, müdafiə edilir.
Tədbirin sonunda məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Regionlar 2018-03-31 15:24:00