×
A
A
A
Sazlamalar

Bakı qəzasında türk-müsəlman əhaliyə qarşı soyqırımı

Bakı, 31 mart, AZƏRTAC

1917-ci ilin fevral inqilabından sonra Bakı sinfi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. Bu dövrdə Bakı bolşeviklərinin tərkibində ermənilərin çoxluq təşkil etməsi sonralar Azərbaycanın türk-müsəlman əhalisi üçün ağır nəticələr vermişdi. Bakıda Daşnaksütyun partiyasına və Erməni Milli Şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşdirilmişdi. Onlara keçmiş rus ordusundan böyük miqdarda silah qalmışdı. Eyni zamanda, kifayət qədər pul vəsaitinə malik olan Erməni Milli Şurası tərxis edilən rus əsgərlərindən əsasən tüfəng almışdı. 1917-ci il 25 oktyabr çevrilişinədək Bakıda bir neçə min silahlı erməni əsgər və zabiti var idi ki, onlar buraya cəbhənin müxtəlif yerlərindən gəlmişdilər və Zaqafqaziyada təşkil edilmiş erməni korpusunu komplektləşdirmək üçün saxlanmışdılar. Mart soyqırımı ərəfəsində erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələri ilə birləşdilər. Bu zaman Qırmızı Ordunun qərargah rəisi çar ordusunun keçmiş polkovniki, Daşnaksütyun partiyasının üzvü Z.Avetisov idi. Mart qırğını ərəfəsi Bakı bolşeviki Avakyan vəziyyətindən və vəzifəsindən asılı olmayaraq, komitəyə gələn bütün ermənilərə silah və patron paylayırdı. Ermənilər artıq bir neçə ay idi ki, ciddi silahlanırdılar, şəhərin ermənilər yaşayan hissəsinə - Ermənikəndə və Bakı kəndlərinə silah, patron, pulemyot daşınırdı.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov söyləyib.
V.Abışov bildirib ki, bütün bunlar S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin gözü qarşısında baş verirdi və əslində özləri də buna kömək göstərirdilər. Rus məmurlarına, rus fəhlələrinə və əsgərlərinə istinad edən menşevik, eser, kadet, daşnak və bolşevik olmaq üzrə müxtəlif siyasi firqələr ətrafında birləşən Azərbaycandakı ruslar “Müsavat”ın yaratdığı hərəkat qarşısında daxili mübahisə və mübarizələrini unudub “Müsavat”a qarşı vahid cəbhədə birləşdilər. 1918-ci il martın 15-də S.Şaumyan deyirdi: “Bizim siyasətimiz – vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir”. Bakı və ətrafının bolşevikləşdiyini fikirləşən S.Şaumyan erməniləri və rus əsgərlərini, xüsusilə Xəzər hərbi dəniz donanması matroslarını türk-müsəlman əhaliyə qarşı təhrik etməyə başlamışdı. Erməni əhalisinin bütün siniflərinin nümayəndələri bu müharibədə iştirak etməyi özlərinə “borc” bilirdilər. Bütün bunlar azmış kimi, S.Şaumyan Moskvadan hərbi kömək almaq üçün müraciət etmişdi. O, Stalinə məktub yazaraq Qafqaz qırmızı ordusunu yaratmaq üçün təcili on milyon manatın (rubl) ayrılmasını xahiş edirdi. RSFSR Xalq Komissarları Soveti 1917-ci ilin dekabrında Bakı Sovetinə 500 min rubl, 1918-ci ilin birinci rübündə isə Bakıya 30,8 milyon rubl göndərmişdi. Həmin ilin martında Moskva hərbi dairəsinin komandanlığı Bakıya hərbi dəstə, iki təyyarə (aeroplan), beş min silah göndərilməsinə göstəriş vermişdi.
Ermənilərdən fərqli olaraq Bakıda türk-müsəlman əhalinin hərbi təşkilatı və sursatı demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbii ki, mübarizədə müsəlmanların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən S.Şaumyan, Daşnaksütyun və erməni milli şurası Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr türk-müsəlmanların yaşadıqları məhəllələrdə baş verirdi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan, Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başlamışdı. Demək olar ki, eyni vaxtda Levon Saatsazbekovun erməni dəstəsi şəhərin “Şamaxinka” adlanan hissəsini atəşə tutdu. Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra, martın 31-də axşamüstü “İçərişəhərin alınması” əməliyyatı başlandı. Bu qırğın əməliyyatında N.Anançenko başda olmaqla, Suren Şaumyan (Stepan Şaumyanın oğlu), Ovçiyan, Qalstyan, Sarkis, Qaber-Kori, Artak, Manuçarov, Akopov və başqa “qırmızı qvardiyaçılar” fəal iştirak ediblər. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiqləyən onlarca sənəd var. 1917-ci ildən bolşevik partiyasının üzvü olmuş Bülyumin xatirəsində yazırdı ki, 1918-ci ilin mart hadisələrində bolşeviklərin silahlı qüvvələri olmadığından daşnak dəstələrindən istifadə edilib. Lakin daşnak dəstələri öz alçaq işlərini həyata keçirərək vətəndaş müharibəsi əvəzinə milli qırğın törədib, iyirmi minədək müsəlmanı qətlə yetiriblər. Rusların Xəzər dənizindəki hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələrini top atəşinə tutublar. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan Təzəpir məscidinin minarələri ağır zədə alıb. Erməni daşnakları bolşevik bayrağı altında, əlverişli mövqedən istifadə edərək əvvəlcədən hazırladıqları plana uyğun olaraq Bakı şəhərində 1918-ci il martın 30-dan aprelin 1-dək - üç gün türk xalqına qarşı qırğın törədiblər. Bu da minlərlə insanın ölümü ilə nəticələnib. Ermənilərin “biz bolşevik, sosialist bilmərik, müsəlmansan kifayətdir” deyə hətta müsəlman sosialistlərini qətlə yetirmələri bir daha onu göstərir ki, onların əsas planı türk-müsəlman əhalini daha çox qırmaq, qorxutmaq və doğma torpaqlarından qovmaq olub. Bakıda, eləcə də Azərbaycanın başqa bölgələrində türk-müsəlman əhalinin amansızcasına qətlə yetirilməsinə, onların evlərinin qarətinə bilavasitə rəhbərlik edənlərdən biri də erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov olub. Onun qardaşı Arsen Əmiryan isə Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil idi. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan əşyaları isə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın cəsədi tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Fövqəladə Təhqiqat Komissiyasının şahid ifadələri əsasında hazırladığı sənədlərdə 1918-ci ilin martında, yalnız Bakı şəhərində, Bakı Sovetinin sərəncamında olan erməni silahlı dəstələrinin 12 mindən çox günahsız türk-müsəlmanı qətlə yetirdiyi göstərilib. Bakı şəhərində Bakı Sovetinin erməni-rus bolşevik qüvvələrin türk-müsəlman əhaliyə qarşı qanlı qırğınları zamanı ictimai və şəxsi binalara da çox böyük ziyan dəymişdi. Belə ki, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmış, Bakıda ən iri məscid bombalanmışdı. “İsmailiyyə” Xeyriyyə Cəmiyyətinin binası, Şirvanşahlar Sarayı ansambılına daxil olan XIV əsrdə tikilmiş Keyqubad məscidi yandırılıb külə döndərilmişdi. 1918-ci il noyabrın 22-də komissiya üzvləri Məmməd xan Təkinski ilə A.Kluqenin birgə tərtib etdikləri protokolda göstərilir ki, Azərbaycan–türk ordusunun Bakı şəhərinə daxil olması ilə Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda görkəmli ictimai binaların və müsəlmanların şəxsi mülklərinin şəklini çəkdirmişdi. Şəhərin bütün qeyri–türk hissəsi mart qırğını başlanan kimi sinfi fərq qoymadan xristianlıq zəminində müsəlman-türk əhalisinə qarşı birləşmişdi. Erməni ordusunun hissələri, özlərini bolşevik, menşevik adlandıranların hamısı bu işdə iştirak edirdilər. 1918-ci il aprelin 28-də bolşevik Ter-Qabrielyan Həştərxandan S.Şaumyana yazdığı məktubunda qeyd edirdi ki, hazırda Bakıdan kütləvi surətdə gələn rusların sosial vəziyyətindən asılı olmayaraq, hər hansı birindən Bakıda Sovet mübarizəsi haqqında soruşduqda, hamısı bir səslə deyir ki, Bakıda erməni-tatar qırğını gedir və qırğın ermənilər tərəfindən törədilib. Erməni Milli Şurasının orqanı olan və Bakıda çapdan çıxan “Naşa vremya” qəzeti yazırdı ki, Bakı şəhərində müsəlman əhalisinə qarşı ayrı-ayrı erməni qrupları tərəfindən törədilmiş vəhşilikləri heç kim inkar edə bilməz. Beləliklə, 1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsl mahiyyəti arxiv sənədləri və elmi-tədqiqat materiallarından istifadə etməklə üzə çıxarılmış olur.
Ermənilər Bakıda qurulan bolşevik-daşnak rejiminin himayəsindən istifadə edərək azərbaycanlılara qarşı məkrli siyasətlərini həyata keçirməyə çalışmışdılar. Bu siyasətin nəticəsində minlərlə dinc azərbaycanlı qətlə yetirilmiş, onların evləri qarət olunub yandırılmış, mədəniyyət abidələri vəhşicəsinə dağıdılmışdı.
Hazırda Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyondan çox qaçqının acınacaqlı vəziyyətdə yaşaması və bütün bu hadisələrə qərb dövlətlərinin göz yumması, yaxud xristian təəssübkeşliyi ilə erməni mövqeyini müdafiə etməsi, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin ermənilər tərəfindən yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bir daha onu göstərir ki, dünyada xristian həmrəyliyi hələ də qalmaqdadır və Cənubi Qafqazda erməni dövləti haqsız olaraq müdafiə edilməkdədir.

 

31 mart 2018-03-31 15:21:00