×
A
A
A
Sazlamalar

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Daşkənddə kitab sərgisi təşkil olunub

Daşkənd, 31 mart, АZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Soyqırımlarına yox deyək” adlı kitab sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Mədəniyyət Mərkəzinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin əməkdaşları, xarici ölkələrin diplomatları, ictimaiyyət nümayəndələri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Sərgidə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Daşkənddə özbək dilində çap edilən “Geosiyasət” və “Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti və Xocalı soyqırımı” kitabları, özbək tarixçisi Şuxrat Barlasın “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabları, habelə Qafqazda iki əsrdən artıq azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti, ermənilərin Azərbaycan torpaqlarının işğalı, xalqımıza qarşı törədilən qanlı hadisələrə dair nəşrlər nümayiş olunub.
Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova bildirib ki, ötən əsrin ikinci onilliyində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 1918-ci ilin mart ayında daha geniş miqyas alıb və amansızlığı ilə seçilib. Həmin vaxt Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Naxçıvan və digər ərazilərdə dəhşətli qırğınlar törədilib.
Gənclərə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, eləcə də Ermənistanın Azərbaycana qarşı uzun müddətdən bəri apardığı işğalçılıq siyasəti barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, keçmişini unudan gələcəyini qura bilməz. Bu cür soyqırımlarının təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət onu törədənlərin cəzalandırılması istiqamətində səylərini gücləndirməli, soyqırımı qurbanlarının xatirəsi daim yad edilməlidir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

31 mart 2018-03-31 14:06:00