×
A
A
A
Sazlamalar

Erməni şovinistləri tarix boyu Azərbaycan xalqına qarşı qırğınlar törədiblər

Qazax, 31 mart, Famil Quliyev, AZƏRTAC

Erməni şovinistləri tarix boyu imperialist qüvvələrin havadarlığı ilə Azərbaycan xalqına qarşı məkrli addımlar atıb, qırğınlar, soyqırımları həyata keçiriblər. Belə qanlı qırğınlardan biri də 1918-ci il martın 31-də erməni-daşnak və bolşevik dəstələri tərəfindən törədilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Qazax filialında erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım tədbirində səsləndirilib.
Filialın direktoru, professor, Əməkdar Elm Xadimi Vüsət Əfəndiyev çıxış edərək 31 mart soyqırımının tarixi haqqında məlumat verib. O, qanlı cinayətin baş verdiyi tarixi şərait və onun səbəbləri haqqında danışaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizmin miqyasını və dəhşətlərini diqqətə çatdırıb. V.Əfəndiyev ulu öndər Heydər Əliyevin hadisələrə obyektiv qiymət verildiyini, 1998-ci ildə 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında Fərman imzaladığını xatırladıb.
Tədbirdə erməni vəhşiliklərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Filialın müəllimi Yasin Əliyev “Mart soyqırımının ictimai-siyasi səbəbləri və nəticələri” mövzusunda məruzə ilə çıxış edərək erməni millətçilərinin qanlı cinayətlərinin gənclərə çatdırılmasının, onlarda milli özünüdərkin formalaşmasına xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə, həmçinin filialın müəllimi Ülviyyə Bayramova “Cənubi Azərbaycanda 1918-ci il qırğınları”, birinci kurs tələbəsi Səbinə Səlimova “31 mart soyqırımı – gənclərin öyrənməli və yadda saxlamalı olduğu tarix” mövzularında çıxış ediblər.

Regionlar 2018-03-31 13:18:00