×
A
A
A
Sazlamalar

31 Mart Soyqırımı insanlığa sığmayan bəşəri cinayətdir

Salyan, 31 mart, Mahir Babayev, AZƏRTAC

Salyanda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən anım mərasimində erməni cəlladlarının zaman-zaman Azərbaycan xalqına qarşı törədikləri cinayətlərdən danışılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüzlərlə salyanlı 31 Mart Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə- kompleksinin önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra ictimaiyyət nümayəndələri Salyan şəhər qəbiristanlığındakı türk əsgər və zabitlərinin məzarlarını ziyarət ediblər.
Mərasimdə çıxış edənlər ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən söhbət açıb, martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsində ulu öndər Heydər Əliyevin xidmətlərini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin uğurlu fəaliyyətini xüsusi vurğulayıblar.

X X X

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Neftçaladakı “Şəhidlər” xatirə kompleksinin önündə təşkil edilən anım tədbiri ilə qeyd olunub.
Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri kompleksin önünə gül dəstələri qoyaraq Vətən uğrunda şəhid olan övladlarımızın xatirəsinə ehtiramlarını bildiriblər.
Soyqırımı günü ilə bağlı keçirilən tədbirdə qeyd olunub ki, erməni faşistlərinin törətdikləri soyqırımı aktları təkcə miqyasına və coğrafiyasına görə deyil, kütləviliyinə və mahiyyətinə görə də insanlığa sığmayan bəşəri cinayətdir. Bildirilib ki, həmin müdhiş mart günlərində erməni terror maşını təkcə paytaxt Bakıda deyil, bölgələrdə, o cümlədən Neftçalada da talanlar, qırğınlar törədib. Mərasimdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında dövlətimizin başçısının davamlı fəaliyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, erməni vəhşiliyinin əsl simasını açmaq üçün fəaliyyət dairəmizi daha da genişləndirməliyik. Əminliklə bildirilib ki, ölkəmizin artan iqtisadi qüdrəti və siyasi nüfuzu ən yaxın zamanlarda ərazi bütövlüyümüzün təmin olunmasına imkan yaradacaq.
Sonra tədbir iştirakçıları şəhərdəki Heydər Əliyev mərkəzində soyqırımı gününə həsr olunan sərgi il tanış olub, məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.

X X X

Biləsuvarda da 31 Mart soyqırımı günü ilə bağlı bütün idarə, müəssisə və təşkilatlarda kütləvi tədbirlər keçirilib.
Ümumrayon tədbirində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, azərbaycanlıların məruz qaldıqları etnik təmizləmə və soyqırımı nəticəsində iki milyondan çox soydaşımız deportasiya edilib, bir milyondan artıq həmvətənimiz amansızlıqla qətlə yetirilib. Uzun illər gizli saxlanılan bu həqiqətlər barədə ətraflı məlumat verən icra başçısı qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi ilə xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün oldu.
Soyqırımı faciəsinin tarixi, erməni vəhşiliyindən danışan digər natiqlər Azərbaycan həqiqətlərinin ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində obyektiv hüquqi-siyasi qiymət aldığını xüsusi vurğulayıblar.
Anım mərasimində Prezident İlham Əliyevin prinsipial mövqeyi, soyqırımı aktları ilə bağlı dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərin nəticəsi olaraq erməni təbliğatının iflasa uğraması konkret faktlarla diqqətə çatdırılıb.

X X X

Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı İmişlidəki Heydər Əliyev Mərkəzində keçirilən anım mərasimində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev ermənilərin azərbaycanlılara qarşı yüz illər boyu davam etdirdikləri soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə məlumat verib, qətliam nəticəsində yüz minlərlə soydaşımızın terror və təcavüzə məruz qalaraq qətlə yetirildiyini, doğma torpaqlarından deportasiya olunduğunu konkret faktlarla diqqətə çatdırıb.
Erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri vəhşiliklərdən danışan digər natiqlər bu təcavüzkar siyasətin indi də erməni daşnakları tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlərdən danışıblar.

Regionlar 2018-03-31 13:10:00