×
A
A
A
Sazlamalar

Azərbaycanlıların soyqırımı və deportasiyasına ilk dəfə siyasi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ümummilli lider Heydər Əliyev azərbaycanlıların soyqırımı tarixinin öyrənilməsi və siyasi qiymət verilməsi ideyasının müəllifidir” mövzusunda mühazirə təşkil edib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, bu qurumun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla mühazirəsində 100 il əvvəl ermənilərin Zəngəzur, Quba, Şamaxı, Naxçıvan və Bakıda törətdikləri qanlı qırğınlardan danışıb, belə faciələrin bir daha təkrar edilməməsi üçün böyüməkdə olan gənc nəslin maariflənməsinin əhəmiyyətini vurğulayıb. O, çoxsaylı faktlarla diqqətə çatdırıb ki, müasir Azərbaycan dövlətinin qurulması, tariximizin elmi şəkildə öyrənilməsi, tədqiqi və təbliği, eləcə də azərbaycanlıların soyqırımı və deportasiyasına ilk dəfə siyasi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub. Prezident İlham Əliyev də Ümummilli Liderin ideyalarını müasir dövrün tələblərinə, xalqımızın və müstəqil dövlətçiliyimizin maraqlarına uyğun davam və inkişaf etdirir. İşğal altında olan əzəli torpaqlarımızla bağlı dövlətimizin müasir dövrdə siyasətini, problemin mahiyyətini, qarşıda duran vəzifələri Prezident İlham Əliyev bu cür ifadə edib: “Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi. Biz indi iddia etmirik ki, bu torpaqlar Azərbaycana birləşsin. Halbuki hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır”.
Mərkəzin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Məmmədova, Əməkdar Müəllim Esmira Rəhimova və başqaları Bilik Fondunun maarifçilik tədbirlərinin əhəmiyyətini, belə görüşlərin davamlı olmasının vacibliyini vurğulayıblar.
Sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb, şagirdlərin ifasında Vətənə həsr olunan hərbi vətənpərvərlik ruhlu şeirlər səsləndirilib.
Sonda H.Abdulla müəllifi olduğu kitabları mərkəzin kitabxanasına hədiyyə edib.

31 mart 2018-03-31 13:00:00