×
A
A
A
Sazlamalar

“Şamaxı: 100 il “tam məxfi qrif”i altında”: qorxulu nağılları xatırladan həyat həqiqətləri

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda ciddi elmi araşdırmaların, monoqrafiya və məqalələrin müəllifi kimi tanınan, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin (Novruzoğlunun) Hüseyn Siyami (filosof, İran), Məsud Süleyman əl Həmid (tarixçi, İraq), Faiz Fərha Rəşid (tarixçi, Suriya), Səid Bərri (etnoqraf-dilçi, Livan) ilə birgə hazırladığı “Şamaxı: 100 il “tam məxfi qrif”i altında” kitabı təkrar nəşr olunub. İran, İraq, Suriya və Livanın Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin təşəbbüsü ilə təkrar nəşr edilən bu kitab 1918-ci ildə erməni terrorçu birləşmələrinin Şamaxıda törətdikləri soyqırımı ilə bağlı yazılmış kitabların sırasında xüsusi yer tutur və tədqiqatlara xarici ölkə alimlərinin cəlb olunması ilə diqqət çəkir. Qeyd edək ki, kitabın həmmüəllifləri soykökləri Şamaxıdan olun alimlərdir.
AZƏRTAC xəbər verir ki, kitab 1918-ci ildə erməni terrorçu birləşmələrinin Şamaxıda törətdikləri cinayətlər haqqında ensiklopedik məlumat xarakteri daşıyır. Suriya, İraq, İran və Livanda ermənilərə məxsus kitabxanalardan, kilsə arxivlərindən, şəxsi qovluqlardan əldə edilmiş fakt və sənədlər əsasında qələmə alınıb.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva “Məxfilikdən çıxan tarix” adlı ön sözdə yazır: “Şamaxı: 100 il “tam məxfi qrif”i altında” kitabı müəlliflər kollektivinin gərgin zəhmətinin, yorulmaz axtarışlarının, dərin elmi tədqiqatlarının nəticəsi kimi araya-ərsəyə gəlmiş ciddi tədqiqat əsəridir. Onu janrının müxtəlifliyinə görə sintez tədqiqat da adlandırmaq mümkündür. Çünki bu kitabda tarixiliklə müasirlik, faktoloji bünövrə ilə publisistik təhkiyə uğurlu şəkildə çulğalasa bilib. Kitab real tarixi hadisələrin, faktların, xronikaların, foto-sənədlərin, arxiv materiallarının dəyərləndirilməsi texnikası baxımından da maraqlıdır”.
Kitabı vərəqləyən oxucu məxfi sənədlərin, tarixi faktların, faciəvi insan talelərinin, qatı açılmamış həqiqətlərin toplaşdığı bir məkandan keçir. Faktlar mütəşəkkil erməni separatizminin tarixinin bir qədər də əvvələ aid olduğunu göstərir. Həmin dövrə aid arxiv materialları, qəzet səhifələri, o dəhşəti yaşamış insanların xatirələri qorxulu nağıllar təsiri bağışlasa da, nağıldan fərqli olaraq tam reallıq və təkzibedilməz həqiqətdir. “Şamaxı: 100 il “tam məxfi qrif”i altında” kitabı məhz həmin həqiqətlərə, o dövr haqqında indiyədək geniş ictimaiyyətə məlum olmayan arxiv sənədlərinə istinad edir.
İlk dəfə olaraq bu tədqiqatda 1918-ci ildə ermənilərin Şamaxıda törətdikləri vəhşilik ayrılıqda götürülmüş hər bir inzibati vahid – yəni, kəndbəkənd təqdim olunub. Burada Şeyx Şamaxı adı ilə də ilk dəfə rastlaşırıq. Müxtəlif mənbələrə müraciət edən müəllif aydınlaşdırır ki, Şeyx Şamaxı ermənilərin kütləvi qırğın törətdikləri Gəncə, Qazax, Göyçay və digər bölgələrdən gələn gənclərdən ibarət partizan dəstəsinə başçılıq edib.
Nəşrdə diqqəti cəlb edən daha bir məqam tədqiqatçıların ötən əsrin əvvəllərində erməni terrorundan yaxa qurtarıb, İraq, Suriya, İran, Misir, eləcə də Şərqi Avropanın bəzi ölkələrində məskunlaşmış şamaxılıların yaşadıqları məhəllələri, dükanları və digər yerləri doğma toponimlərlə adlandırmasına dair konkret faktlar təqdim etməsidir.
Bu dəyərli və təsirli kitab haqqında qeydləri oradan götürülmüş ürəkağrıdan bir səhnənin təsviri ilə tamamlamaq istərdik. Şamaxıda yepiskop Meron üçün kef məclisində erməni vəhşiliyini öz gözləri ilə görmüş Təbriz kürdlərindən olan Sərdar Baray adlı səyyah yazırdı: “Şamaxıda hər şey darmadağın edilmiş, altı üstünə çevrilmişdi. Mən yepiskop Meronla Poti limanında tanış oldum. Onu çox ciddi şəkildə əhatəyə almışdılar. Hər ikimiz Türkiyədən qayıdırdıq... Şamaxıya gəldik. Küçələrdə, ensiz dalanlarda, həyət-bacalarda meyitlərin sayı bilinmirdi. Əsl müharibə idi. ... Səhərə qədər oyaq qaldım. Mən soruşanda ki, nə üçün bu qırğınlar olub? O, hiyləgər gözlərini qıyıb, dedi ki, bu məsələni nəinki yepiskop Meron, heç onun babası Suren də bilmir... O biri otaqda isə içi közlə dolu manqal var idi. Uzun, bir tərəfi əyilmiş maşanı da qızarmış közün içinə soxmuşdular. Gecədən xeyli keçəndən sonra süfrə açılmış otağa bir-birindən fərqli, üç gözəl balaca qız gətirdilər. Yaşları ancaq on-on bir olardı. Boyaboy düzülmüş bu üç müsəlman balasının qışqırıq və harayları hələ də qulaqlarımdan getmir. Yepiskop Meron mənə şərab süzdü və tapşırdı ki, sən belə şeylərə baxma... Qızları soyundurub, otağın bir küncünə sıxdı. Mən özümü itirmişdim. Mən həyanın, abır və ismətin nə olduğunu, ləyaqətin nə olduğunu, şərəfin nə olduğunu bir daha bu üç balaca, Şamaxı qızlarının sifətində gördüm... Yepiskop Meronun göstərişilə manqalı otağa gətirdirlər... O vaxt qızlardan biri artıq keçinmişdi. Uşağın meyitini bayıra atdılar. Bütün bu işləri adına Sedrak, Moru, Manaşa, Mixay deyilən ermənilər görürdü. Sonra gördüm ki, yepiskop Meron manqalın içində qızarmış maşaya əl atdı. Divara qısılmış qızların əllərinə, ayaqlarına, alın və yanaqlarına dağ basdı. Axırda o, əlindəki isti maşanı qızların çılpaq sinələrində gəzdirib xaç işarəsi çəkdi. Yepiskop Meron səhərədək bu iki qızın cəsədi ilə oynadı. Mən o gündən ermənilərlə dostluğa son qoydum”.

31 mart 2018-03-31 12:55:00