×
A
A
A
Sazlamalar

Moskvada 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Moskva, 30 mart, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, tanınmış alimlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin foyesindəki barelyefi önünə, həmçinin 31 Mart soyqırımına həsr olunmuş stendin qarşısına çiçəklər düzüblər.
Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən anım tədbirində çıxış edən səfir Polad Bülbüloğlu yüz il əvvəl baş vermiş soyqırımının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək deyib: “1918-ci ilin martında Bakıda və Azərbaycanın digər ərazilərində minlərlə insanın, əsasən də müsəlmanların qırğını ilə nəticələnən hadisələr baş verib. Sovetlər İttifaqı dövründə bu mövzuya yasaq qoyulub, hadisələr təhrif edilərək vətəndaş müharibəsi kimi qələmə verilib. Tarixi həqiqətlər yalnız Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üzə çıxarılıb. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunması haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunub ki, Azərbaycanın müstəqillik əldə etməsi xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yenidən yaratmağa imkan verir".
Səfir qeyd edib ki, keçmişi qiymətləndirməyə əsaslanan bu Fərman gələcəyə müraciətdir və yeni nəsillər üçün xəbərdarlıqdır: "Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" beynəlxalq kampaniyasının vacibliyini bir daha xatırlatmaq istəyirəm. Kampaniya çərçivəsində dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında həqiqətlər çatdırılmaqla, real nəticələrə nail olunub. Hazırkı dövrdə müharibələr təkcə döyüş meydanında deyil, insanların şüurunda və qəlbində aparılır. Ona görə də bizim - diplomatların, alimlərin, jurnalistlərin və ümumilikdə sadə insanların vəzifəsi əsas döyüşü uduzmamaq, dünya ictimaiyyətinə Azərbaycan xalqına qarşı törədilən soyqırımı haqqında həqiqətləri yorulmadan çatdırmaqdır".
Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru Nizami Səfərov 1918-ci ilin mart hadisələrinin Bakıda, Qubada, Şamaxıda və Azərbaycanın digər bölgələrində müsəlman əhalinin məhvinə yönəldilmiş silsilə qırğınların başlanğıcı olduğunu qeyd edib, sənədlər və faktlar əsasında qanlı qırğınları törədənlərin məkrli niyyətindən söz açıb.
Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut 1918-ci ilin qanlı mart hadisələri zamanı təkcə Bakı və Şamaxıda 50 mindən çox insanın qətlə yetirildiyini, Bakıda 30 min nəfərin erməni daşnakları tərəfindən öldürüldüyünü vurğulayıb. Qadınlara, uşaqlara və qocalara qarşı törədilən erməni vəhşiliyinin qəddarlığı ilə yaddaşlarda qaldığını söyləyib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova 1918-ci ilin mart hadisələrini insanlığa qarşı törədilmiş vəhşi cinayət adlandırıb.
Anım tədbirinin digər iştirakçıları da tarixin gələcək nəsillər üçün ibrət dərsi olduğunu və tarixi həqiqətlərin dərindən öyrənilməsinin, gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan rəhbərliyi tarixin öyrənilməsi və real tarixi proseslər haqqında düzgün informasiyanın dünya ictimaiyyətinə çatdırılması məsələlərinə xüsusi əhəmiyyət verir, bu istiqamətdə önəmli addımlar atılır.
Sonda tədbir iştirakçıları Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Moskvada nəşr edilmiş “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası” və “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” ikicildliyi ilə tanış olublar.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Qan yaddaşı 2018-03-30 22:33:00