×
A
A
A
Sazlamalar

“Azərbaycanlıların soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib

Naxçıvan, 30 mart, AZƏRTAC

Martın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən “Azərbaycanlıların soyqırımı: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, AMEA Naxçıvan Bölməsində keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, “böyük Ermənistan” dövləti yaratmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistləri öz havadarları ilə birlikdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1918-ci il soyqırımı da erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları soyqırımı siyasətinin davamı, tarixdə erməni qəddarlığının daha bir təzahürüdür.
Vurğulanıb ki, erməni daşnaklarının soyqırımları Azərbaycan əhalisinin azadlıq əzmini və müqavimətini qıra bilməyib, düşmənə layiqli cavab verilib. Bu mübarizədə Naxçıvanın özünümüdafiə dəstələri də əsl vətənpərvər kimi döyüşüb, Naxçıvanın işğalına imkan verməyiblər.
Diqqətə çatdırılıb ki, erməni vəhşiliklərinə əsl siyasi qiymət ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında verilib. Həmin Fərmana uyğun olaraq, hər il ölkəmizdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu tarix həm də xalqımızın əsarətə qarşı mübarizə, Vətənin müdafiəsi, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıq tariximiz kimi xatırlanır.
“Muxtar respublikada soyqırımı qurbanlarının əziz xatirəsi əbədiləşdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan şəhərində Xatirə Muzeyi və Bayraq Meydanında Xatirə Kompleksi yaradılıb” – deyən Rəhman Məmmədov qeyd edib ki, bununla yanaşı, muxtar respublikanın tarix-diyarşünaslıq muzeylərində də azərbaycanlıların soyqırımlarına həsr olunmuş guşələr təşkil edilib.
Bildirilib ki, 1918-ci il azərbaycanlıların soyqırımından 100 il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər keçirilib. Belə ki, martın 30-da Xatirə Kompleksində soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib, ümumtəhsil məktəbləri və Heydər Əliyev adına Hərbi Lisey üçün Akademiyanın Naxçıvan Bölməsində “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda interaktiv dərs təşkil olunub. Bununla yanaşı, gənclərin Xatirə Muzeyinə ekskursiyaları təşkil edilir, Gənclik Mərkəzində azərbaycanlıların soyqırımı mövzusunda sənədli filmlər nümayiş olunur, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi publisistik jurnalının azərbaycanlıların soyqırımına həsr olunmuş nömrəsinin hazırlanması üzərində iş aparılır.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri - tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyevin “Azərbaycanlıların soyqırımı”, tarix üzrə fəlsəfə doktoru İlhami Əliyevin “Ümummilli lider Heydər Əliyev və azərbaycanlıların soyqırımı və deportasiya məsələsi”, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovun “1905-1907-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar”, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası və onun ağır nəticələri”, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “1918-1920-ci illərdə ermənilərin Naxçıvanda törətdiyi soyqırımlar”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədovun “XX əsrin əvvəllərində ermənilərin törətdiyi qırğın və soyqırımlar bədii ədəbiyyatda” mövzularında çıxışları dinlənilib.
Vurğulanıb ki, bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması 31 mart soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları var. 2017-ci il oktyabrın 18-də Naxçıvan Muxtar Respublikasında keçirilən hərbi parad da ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Güclü ordumuz Azərbaycan dövlətinin və xalqının gələcəkdə öz hərbi-siyasi tarixinə yalnız möhtəşəm zəfərlər yazacağına zəmanət verir.

31 mart 2018-03-30 19:08:00