×
A
A
A
Sazlamalar

Erməni millətçilərinin törətdikləri faciələr xalqımızın qan yaddaşında dərin iz buraxıb

Zaqatala-Qax, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 30-da Zaqatala şəhərində keçirilən toplantıda səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Toplantıda çıxış edənlər erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələri barədə danışıblar. Qeyd olunub ki, ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Azərbaycanın digər yerlərində törədilən qırğınlar zamanı on minlərlə həmvətənimiz qəddarcasına öldürülüb, xalqımızın qiymətli maddi-mədəniyyət abidələri məhv edilib. Azərbaycanlılara qarşı soyqırımı siyasəti indi də məqsədyönlü şəkildə davam etdirilir. Xalqımız ötən əsrin sonlarında 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələrlə üzləşib, torpaqlarımızın 20 faizi işğal olunub, bir milyona yaxın həmvətənimiz öz ata-baba torpaqlarından didərgin düşüb.
Bildirilib ki, tarixi şərait səbəbindən ötən iki əsrdə baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmayıb. Yalnız Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılıb. Çıxış edənlər erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın əhəmiyyətini yüksək qiymətləndiriblər.

X X X

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qax şəhərində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ölməz xatirəsini ehtiramla yad ediblər.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında keçirilən toplantıda xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyəti və tarixi köklərindən ətraflı bəhs olunub. Bildirilib ki, erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı və təcavüz siyasətinin iki yüz ildən çox tarixi var. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, ərazilərimizdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti qurmaqdır.
Məruzə və çıxışlarda ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri kütləvi qırğınlar konkret faktlarla diqqətə çatdırılıb, soyqırımı hadisələrinin XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı uzun illərdən bəri davam edən qırğınlar, repressiyalar əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə konkret bir xalqın tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədildiyi üçün, beynəlxalq hüquqa əsasən, belə əməllər məhz soyqırımı kimi tanınır.
Tədbirdə azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü və davamlı iş aparıldığı diqqətə çatdırılıb.

31 mart 2018-03-30 18:56:00