Paytaxt məktəblərində soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 30 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrində “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür”, "Qan yaddaşımız", “Soyqırım Günü” və digər mövzularda mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslar təşkil edilib. Həmçinin “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda bədii qiraət gecələri, xüsusi dərs məşğələləri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgilər keçirilib.1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən divar qəzetləri, bülletenlər, fotostend və guşələr hazırlanıb.
Tədris ocaqlarında azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya və fləşmoblar keçirilib, sənədli və bədii filmlər nümayiş olunub.
Tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnakları tərəfindən törədilmiş qırğının dəhşətləri, xalqımızın başına gətirilən faciənin tarixi barədə şagirdlərə geniş məlumat verilib.
Qeyd olunub ki, 1918-ci ilin martında ermənilər üç gün ərzində Bakıda minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülüb, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilib. Xalqımıza qarşı törədilən bu cinayətlər və həyata keçirilən işğalçılıq siyasəti ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda tam əksini tapıb və bunun sayəsində mart soyqırımına siyasi və hüquqi qiymət verilib.
Tədbirlərdə, həmçinin şagirdlər 31 mart hadisələrinə həsr edilən şeir, bayatı və mahnılar söyləyiblər.
Bəzi paytaxt məktəblərinin kollektivləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Mart soyqırımı qurbanlarının xatirəsi Gürcüstanda yad edilib
“TRT TÜRKÜ” radio kanalında 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı proqram yayımlanıb
Misirli jurnalist Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə yazıb