×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasında 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 30 mart, P.İmanova, AZƏRTAC
Martın 30-da Bakı Musiqi Akademiyasında (BMA) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anma tədbiri keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə respublikanın müxtəlif ali təhsil müəssisələrinin rektorları, tələbə və müəllimlər iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov 31 mart soyqırımı haqqında məlumat verib, yüz il bundan əvvəl ermənilər tərəfindən xalqımıza qarşı qətliam həyata keçirildiyini söyləyib. Bildirilib ki, 1918-ci ilin mart və aprelində Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindəndir. 31 mart soyqırımında minlərlə günahsız soydaşımız ermənilər tərəfindən etnik və milli mənsubiyyətinə görə vəhşicəsinə öldürülüb, evlər yandırılıb. Mənfur qonşularımız tərəfindən bölgələrdə də dinc əhali kütləvi surətdə qətlə yetirilib, yaşayış məskənləri, kəndlər yandırılıb, mədəni, tarixi abidələrimiz dağıdılıb, məhv edilib.
F.Qurbanov Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamını xatırladıb. Diqqətə çatdırıb ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda 1918-ci il martın 31-də baş verənlər “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Təhsil nazirinin müavini tariximizin qan yaddaşına çevrilən 31 mart hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağına əminliyini bildirib.
Sonra respublikanın müxtəlif ali məktəblərinin tələbələrinin və gənc musiqiçilərin ifasında soyqırımı qurbanlarının xatirəsinə həsr olunan konsert proqramı təqdim edilib. Tədbirdə vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

31 mart 2018-03-30 17:32:00