×
A
A
A
Sazlamalar

Unudulmayan faciə

Bakı, 30 mart, Zərəngiz Mansurova, AZƏRTAC

Martın 30-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Sevinc Mikayılova ermənilərin tarixən azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirdiyini və bunun pik nöqtəsinin 31 mart hadisələri olduğunu bildirib, soyqırımı haqqında məlumat verib.
Bildirilib ki, mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımıdır.
Azərbaycanda Sovet rejimi qurulduqdan sonra isə bu hadisələr xalqdan qəsdən gizlədilib, arxivlər bağlı saxlanılıb. Lakin ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımıza qarşı törədilən faciələrin obyektiv şəkildə öyrənilməsi istiqamətində geniş imkanlar açılıb.
Həmin hadisələrin şahidi olmuş alman əsilli Kulner soyadlı bir müəllifin sonradan Bakı hadisələri haqqında yazdıqları muzeyin əməkdaşı tərəfindən oxunub: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlik-deşik edirdilər. Onlar uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etmirdilər”.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova soyqırımı hadisələrinin, eləsə də 20 Yanvar faciəsi və Xocalı soyqırımının Azərbaycan bəstəkarlarının əsərlərində əks olunduğunu bildirib. Bildirib ki, bu əsərlər vasitəsilə faciənin mahiyyəti bir daha dünya ictimaiyyətinə çatdırılır.
Sonda G.Şaroyev adına 35 nömrəli onbirillik Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycan bəstəkarlarının soyqırımı hadisələrinə həsr etdikləri musiqi nömrələri səsləndirilib.

Mədəniyyət 2018-03-30 16:54:00