Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Astarada soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb

Astara, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara rayonunun Pensər kəndindəki Hacı Teymur cümə məscidində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kənd məscidinin həyətində türk şəhid məzarlığında soyqırımı qurbanlarının, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən DQİDK Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə 1918-ci ilin mart və aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından danışıb.
Xalqımızın və dünyanın sülhsevər insanlarının azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının ildönümünü böyük ürəkağrısı ilə, dərin hüznlə qeyd etdiyini vurğulayan T.Həsənzadə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi ilk dəfə olaraq 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla qeyd olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, erməni terroru təkcə 1918-ci il mart soyqırımı ilə məhdudlaşmır. Ötən əsrin sonunda 1 milyona yaxın soydaşımız doğma torpaqlarından didərgin salınıb, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılaraq dağıdılıb, evlər talan edilib, minlərlə insan qətlə yetirilib, girov götürülüb və itkin düşüb.
Hacı Teymur Cümə məscidinin imamı İntizar Mürsəlov çıxışında bolşevik-daşnak qüvvələrinə qarşı mübarizədə Qafqaz İslam Ordusunun misilsiz xidmətlərindən, həmçinin bu mübarizədə həlak olmuş Camal Yusif bəyin qəhrəmanlığından danışıb.
Tədbirdə çıxış edənlər erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarixboyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı soyqırımları törətdiklərini diqqətə çatdırıblar.

Qan yaddaşı 2018-03-30 16:04:00