×
A
A
A
Sazlamalar

“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi soyqırımına həsr olunub

İsmayıllı, 30 mart, AZƏRTAC 

İsmayıllı rayonunun vaxtilə Şamaxı qəzasına daxil olan kəndlərində ermənilərin törətdikləri qırğının nəticələri ilə əlaqədar Fövqəladə Təhqiqat Komissiyası tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Tircan, Mücü, Sulut, Zeyvə, Tağlabiyan, Xankəndi, Kürdüvan, Qıçatan, Maçaxı, Bizlan, Sərdahar və Zərnava kəndlərində 1918-ci il mart soyqırımı zamanı 1010 nəfər qətlə yetirilib. Tarixi düşmənlərimiz olan ermənilərin Lahıca hücum edəcəyini bilən bu yerin silah ustaları “Zanburo” (vur getsin) adlı top düzəldib. Ermənilər həmin topdan atılan mərminin səsindən qorxuya düşərək geri çəkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məlumatlar “Heydər Əliyev idarəetmə məktəbi”nin İsmayıllıdakı Heydər Əliyev Mərkəzində keçirilən və azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən növbəti məşğələsində səsləndirilib.
Məşğələdə çıxış edən şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Təranə Məmmədova, Uşaqlara və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və Təzəkənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimov soyqırımı ilə əlaqədar tarixi həqiqətləri konkret faktlarla diqqətə çatdırıblar. Çıxışlarda təəssüflə qeyd edilib ki, rayonun o zaman Göyçay və Nuxa qəzalarına daxil olan ərazilərində erməni daşnaqlarının törətdikləri vəhşiliklər lazımınca araşdırılmayıb. Fövqəladə Təhqiqat Komissiyası o zaman bu vəhşiliklərlə əlaqədar təhqiqat apara bilməyib. Ona görə də həmin yerlərdə ermənilərin vəhşiliklərini, qaniçənliyini əks etdirən rəqəmlər ortaya qoyulmayıb.
Məşğələdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mövzu ilə əlaqədar çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı hər bir azərbaycanlını tarixi dərindən öyrənməyə, yaddaşını möhkəmləndirməyə, düşməni yaxşı tanımağa, tolerantlığı güzəştli mövqeyə çevirməməyə, Vətəni bütün varlığı ilə sevməyə, keçmişdə və indi baş verən hadisələrə, milli mənafeyimizə zidd olan hallara düzgün yanaşmağa sövq edir. Tariximizin bütün mərhələlərində baş verən soyqırımı hadisələrinə, müharibə və münaqişələrə vətəndaş məsuliyyəti ilə yanaşılmalıdır. Bütün maddi və mənəvi resurslar, tarixçilərin elmi potensialları azərbaycanlılara qarşı törədilən soyqırımlarının daha dərindən öyrənilməsinə, obyektiv təhlilinə və beynəlxalq miqyasda tanıdılmasına yönəldilməlidir.

Qan yaddaşı 2018-03-30 15:43:00