×
A
A
A
Sazlamalar

Sumqayıtda azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib VİDEO

Sumqayıt, 30 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Martın 30-da Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində şəhərin Uşaq Yaradıcılıq Mərkəzinin və orta ümumtəhsil məktəbi şagirdlərinin “31 Mart - azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” mövzusunda çəkdikləri rəsm əsərləri ilə tanış olublar.
Mərkəzin akt zalında davam edən tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra 31 Mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.
Sumqayıt Dövlət Universitetinin tarix və coğrafiya fakültəsinin dekanı Adil Baxşəliyevin, tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nofəl Abdullayevin, kafedranın müəllimi Aytən Əsədovanın, Folklorşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının müdiri Astan Bayramovun, 31 saylı orta məktəbin tarix müəllimi Raqif Şirinovun mövzu ilə bağlı məruzələri dinlənilib.
Natiqlər ermənilər tərəfindən əsrlər boyu xalqımızın başına gətirilən müsibətləri tarixi mənbələrə əsaslanaraq, faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla həyata keçirilən soyqırımının erməni ideologiyasının xalqımıza qarşı törətdiyi terror aktı olduğu bildirilib.
Qeyd edilib ki, tarix boyu təcavüzkar siyasət yeridən, “dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoyub, havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin məqsədlərinə çeviriblər. 1918-ci ilin mart soyqırımı zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirib, Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülüb, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilib. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində torpağımızın 20 faizi işğal edilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Diqqətə çatdırılıb ki, məhz ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanaraq ifşa olunub. Erməni cəlladlarının həyata keçirdikləri işğalçılıq siyasəti Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda tam əksini tapıb.
Əminliklə qeyd edilib ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət ermənilərin “böyük Ermənistan” xülyasını alt-üst edəcək və xalqımız öz əzəli torpağına tezliklə qovuşacaq.

Qan yaddaşı 2018-03-30 15:31:00

Video