×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada 31 mart soyqırımına həsr olunan sərgi açılıb

Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, sərgi Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil edilib.
Sərgidə kitabxananın fondlarında mühafizə olunan “31 mart soyqırımı 1918-1920-ci illər mətbuatında”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı”, “Soyqırımı tarixinin dastanı”, “Soyqırımı cinayəti”, “Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”, “1918-ci il qırğınları; tarixi araşdırmalar”, “Quba məzarlığı: erməni cinayətlərinin qanlı izi”, “31 mart vakası”, “Erməni cinayətləri sənədlər əsasında”, “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Erməni terroru” kitabları və soyqırımına dair faktları əks etdirən digər nəşrlər nümayiş olunub.
1918-ci il mart soyqırımına aid mənbələr elektron kataloqa salınaraq kitabxananın Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Eyni zamanda, soyqırımı ilə bağlı MEK-in əməkdaşları tərəfindən hazırlanan “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” sənədli filmi kitabxananın monitorlarında, sərgi salonunda və oxucular üçün nəzərdə tutulan digər məkanlarında nümayiş olunub.
Qeyd edək ki, MEK 31 mart soyqırımı mövzusunda hər il sərgilər təşkil edir, tərəfdaş təşkilatlara soyqırımı ilə bağlı tədbirlərin, sərgilərin kecirilməsində təşkilati və informasiya dəstəyi verir.

31 mart 2018-03-30 15:28:00