×
A
A
A
Sazlamalar

Mülki Aviasiya Muzeyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Bakı, 30 mart, Elvin Camalov, AZƏRTAC
"Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) Mülki Aviasiya Muzeyində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə MAA-nın rəhbər, müəllim və tələbə heyəti, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli iştirak edib.
MAA-nın ictimaiyyətlə əlaqələr üzrə prorektoru, əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov tədbiri açdıqdan sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Atamoğlan Məmmədli və Qarabağ müharibəsi veteranı Bayram Muxtarov 31 Mart soyqırımı haqqında ətraflı mühazirə ilə çıxış ediblər. Tələbələrə 1918-ci ildə həyata keçirilən tarixi cinayətin baş verdiyi tarixi şərait və onun səbəbləri haqqında ətraflı məlumat verilib, ermənilərin azərbaycanlılara, yerli dinc əhaliyə qarşı əsrlər boyu törətdikləri vandalizmin miqyası və dəhşətləri geniş şəkildə danışılıb.
Sonda Mülki Aviasiya Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova tədbirin təşkilinin əsas məqsədi haqqında məlumat verərək, erməni millətçilərinin qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq məqsədilə həyata keçirilən maarifləndirmə tədbirlərində tarixi faktların gənclərə çatdırılmasına, bununla da onlarda milli özünüdərkin formalaşmasına xüsusi önəm verilməsini vurğulayıb.
Tədbirdə erməni vəhşiliklərini sübut edən fotoşəkillərdən ibarət sərgi və videomaterial nümayiş etdirilib.

Qan yaddaşı 2018-03-30 15:03:00