×
A
A
A
Sazlamalar

Dilçilik İnstitutunda 31 mart soyqırımının 100 illiyi qeyd olunub

Bakı, 30 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 mart soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun direktoru, akademik Möhsün Nağısoylu ermənilərin tarixən azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirdiyini və bunun pik nöqtəsinin 31 mart hadisələri olduğunu bildirib. Qeyd edib ki, Leninin tapşırığı əsasında Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik qüvvələri 1918-ci il martın 30-da saat 16:40-da azərbaycanlılara ilk atəşi açıblar.
Akademik azərbaycanlıları qırmaq, milli hökumətin yaranmasına imkan verməmək, eləcə də Bakının paytaxt olmasının qarşısını almaq üçün Şaumyanın xahişi ilə Leninin 2 təyyarə göndərdiyini, o cümlədən hərbi gəmilərin dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombaladığını deyib. M.Nağısoylu hadisələr zamanı təkcə Bakıda 12 mindən çox həmyerlimizin öldürüldüyünü, "İsmailiyyə" binasının, "Kaspi" mətbəəsinin, "Açıq söz" qəzetinin redaksiyasının yandırıldığını, "Təzəpir" məscidinin minarələrinin top atəşləri nəticəsində uçurulduğunu söyləyib. O, qırğınların Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə aprelin 2-dək davam etdirildiyini diqqətə çatdırıb.
İnstitut direktoru bildirib ki, Şaumyan hadisələrlə bağlı sovet hökumətinə göndərdiyi məktubunda qırğınlara 4 minə yaxın daşnaksütyun hərbçilərinin cəlb edildiyini və soyqırımı törədildiyini etiraf edib.
Alim beynəlxalq konvensiyaların hərbi münaqişələr zamanı dinc əhaliyə qarşı silahdan istifadəni qadağan etdiyini, lakin ermənilərin heç bir zaman buna məhəl qoymadıqlarını deyib. O, Azərbaycanın ikinci dəfə müstəqillik qazandıqdan sonra hadisələrə obyektiv qiymət verildiyini, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında Fərman imzaladığını xatırladıb.
Tədbirdə, həmçinin institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, professor Roza Eyvazova, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli Qəribova və başqaları ermənilərin tarixən azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan, 31 mart hadisələri zamanı Sultanov qardaşlarının şücaətindən, bədnam qonşularımızın Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağa köçürülmələrindən, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasından danışıblar.

 

Qan yaddaşı 2018-03-30 14:39:00