×
A
A
A
Sazlamalar

Oqtay Əsədov: 1918-ci ilin mart soyqırımı ermənilərin cinayət əməllərinin ən dəhşətlilərindən biridir

Bakı, 30 mart, AZƏRTAC
Prezident İlham Əliyevin yanvarın 18-də imzaladığı Sərəncama əsasən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi dövlət səviyyəsində tədbirlərlə qeyd edilir. Milli Məclisin bugünkü iclası da tariximizin bu qanlı səhifəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında söyləyib.
Oqtay Əsədov bildirib ki, erməni şovinistləri və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var. Bu siyasətin birinci mərhələsi 1828-ci ildə Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğal edilməsi ilə başlanıb. Cənubi Qafqazda aparılan müstəmləkəçilik siyasətinin tərkib hissələrindən biri bölgənin demoqrafik vəziyyətinin dəyişdirilməsindən ibarət olub. Çar Rusiyası işğal olunmuş ərazilərdə öz dayaqlarını möhkəmləndirməyə çalışırdı. Bu məqsədlə İrandan və Osmanlı imperiyasından ermənilər planlı şəkildə Cənubi Qafqaza köçürüldü. İyirminci əsrin əvvəllərində artıq Azərbaycana bir milyondan çox erməni köçürülmüşdü. Ümumiyyətlə, tarixin müəyyən dövrlərində böyük dövlətlər öz geosiyasi planlarını həyata keçirmək üçün erməni amilindən çox məharətlə istifadə ediblər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçilərinin “böyük Ermənistan” xülyası Cənubi Qafqazın yerli əhalisini böyük fəlakətə gətirib çıxarıb. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyətilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər. İki milyona qədər günahsız insan onların vəhşilik əməlləri nəticəsində həlak olub.
Milli Məclisin sədri qeyd edib ki, 1905-1907-ci illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində dinc azərbaycanlılar soyqırımına məruz qalıb. 1918-ci ilin mart soyqırımı bu cinayət əməlləri silsiləsinin ən dəhşətlilərindən biri olub. Martın axırında Azərbaycanın paytaxtı Bakı şəhərində 12 mindən çox dinc əhali qətlə yetirilib. Xalqımıza qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam edib. 1921-ci ildən sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Zəngəzur, Göyçə mahalları, Qazax və Naxçıvanın bəzi kəndləri indiki Ermənistana verilib. Etnik təmizləmə siyasəti nəticəsində bu gün Ermənistanda, yəni, keçmiş Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı qalmayıb. Azərbaycan xalqının fiziki məhvinə, onun tarixi əraziləri hesabına Ermənistan dövlətinin yaradılmasına yönəldilən siyasət ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə öz əksini tapıb. Bu Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib, Azərbaycana qarşı törədilmiş qanlı cinayətlərə siyasi-hüquqi qiymət verilib. Ulu Öndərin bu Fərmanı və sonra qəbul edilmiş sənədlər tarixi həqiqətlərin üzə çıxmasına və unudulmamasına xidmət edir.
Oqtay Əsədov bildirib ki, hər dəfə keçmişə nəzər salanda başımıza gətirilən fəlakətlərin səbəblərini araşdırırıq. Bu gün hər kəs bir həqiqəti başa düşür ki, tarixboyu soyqırımı aktlarına məruz qalmağımızın əsas səbəblərindən biri düşmən qarşısına mütəşəkkil şəkildə çıxa bilməməyimiz olub. Bu gün isə Azərbaycan gündən-günə güclənir, inkişaf edir. Bu xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin törədilməməsinə ən yaxşı təminatdır. Azərbaycanın işğal olunmuş torpaqları gec-tez azad ediləcək, xalqımıza qarşı düşmənçilik edənlər cəzalarını alacaqlar. İndiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur. Bu, tarixi faktdır. Tarix isə filosofların dediyi kimi, keçmişin şahidi və həqiqətin nurudur. Tarix hər kəsə layiq olduğu qiyməti verəcək. Haqq-ədalət öz yerini tutacaq.

Qan yaddaşı 2018-03-30 14:17:00