×
A
A
A
Sazlamalar

31 mart soyqırımı XX yüzilliyin ən qanlı səhifələrindəndir

Bakı, 30 mart, AZƏRTAC
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitunun və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub. Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı yanında şura üzvlərinin, Milli Məclisin deputatları Ağacan Abiyevin, Sevinc Fətəliyevanın, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun bir qrup təmsilçisinin, YAP Suraxanı rayon təşkilatının fəallarının, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə dövlət himni səsləndirildikdən sonra soyqırımı şəhidlərinin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra azərbaycanlıların soyqırımı haqqında film nümayiş olunub.
Tədbirdə çıxış edən icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, hər il ölkəmizdə martın 31-də Azərbaycanlıların Soyqırımı Günü dövlət səviyyəsində qeyd olunur. Rayonda bununla əlaqədar silsilə tədbirlər keçirilir. Qeyd olunub ki, azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atıblar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilib.
İlqar Abbasov vurğulayıb ki, mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz böyük əhəmiyyətə malik işlər görür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərli etdiyi Heydər Əliyev Fondu həqiqətlərimizin dünyaya yayılması ilə bağlı çox ciddi layihələr reallaşdırır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası bu işlərə öz töhfəsini verir. Faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın əksər ölkələrində uğurla həyata keçirilir.
Tədbirdə məruzə ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov bildirib ki, son illərdə institutun alimləri müxtəlif arxivlərdə araşdırmalar aparıb və azərbaycanlıların soyqırımı ilə bağlı mühüm sənədlər, faktlar tapıb, bütün bunları dünya ictimaiyyətinə çatdırmaqda müəyyən işlər görüblər.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Xocalı rayonundan məcburi köçkün Xəlil Vəliyev ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən danışıblar.

Qan yaddaşı 2018-03-30 14:20:00