×
A
A
A
Sazlamalar

Dünya birliyinin ermənilərin törətdikləri soyqırımı aktlarına laqeyd münasibəti yolverilməzdir

Bakı, 30 mart, AZƏRTAC
İstanbulda Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dərnəyin mərkəzində anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan-Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İSTAD-ın baş katibi Metin Yıldırım Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.
Dərnəyin rəhbəri Sefer Karakoyunlu soyqırımı haqqında danışıb, faktların əks olunduğu Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı çəkilmiş video və fotoşəkilləri nümayiş etdirərək deyib: “Ermənilər 1905-ci ildən başlayaraq türklərə qarşı sistemli şəkildə beş dəfə soyqırımı törədiblər. Bu soyqırımlarına səssiz və laqeyd qalan dünya ictimaiyyətinin gözü kor, qulağı kar olub. Bu səssizliyi və laqeydliyi davam etdirənləri qınayırıq”.
S.Karakoyunlu bildirib ki, Birinci Dünya müharibəsi nəticəsində yaranmış böhrandan və 1917-ci ildə Çar Rusiyasında baş verən fevral və oktyabr inqilablarının yaratdığı fürsətdən istifadə edən erməni hərbi birləşmələri azərbaycanlılara və Anadolu türklərinə qarşı soyqırımı törədiblər. Qətliamın pik nöqtəsinə çatdığı 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda 30 min günahsız insanın amansızcasına qətlə yetirildiyini, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, bugünkü Ermənistan ərazisində olan tarixi Azərbaycan torpaqları - Zəngəzur qəzası və İrəvan vilayətlərində isə təxminən 120 min insanın öldürüldüyü bir daha diqqətə çatdırılıb. Azərbaycanla yanaşı, Türkiyənin İğdır, Qars, Ağrı, Ardahan, Ərzurum, Ərzincan, Muş, Van və bir çox yaşayış məntəqələrində soyqırımlarının həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycanda mart ayında davam edən qırğın və soyqırımları Nuri Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Qafqaz İslam Ordusunun 1100 əsgəri və 30 zabitinin şəhid olduğu, bu əsgərlərin xatirəsinə bu gün Azərbaycanın müxtəlif yerlərində xatirə abidələri ucaldıldığı vurğulanıb.
Tədbirdə çıxış edən Tənzilə Rüstəmxanlı bu kimi dəhşətlərin təkrarlanmaması, gələcək nəsillərin unutmaması baxımından belə tədbirlərin əhəmiyyətini qeyd edib. T.Rüstəmxanlı 31 mart soyqırımının təbliği istiqamətində mövcud problemlər və perspektivlərdən danışaraq dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, ermənilərin bütövlükdə türk dünyasına qarşı törətdiyi soyqırımı və qətliamlar barədə məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün çağırış edib.
Sonra AAK sədri Sahil Qasımov mart soyqırımının tarixinə toxunaraq bildirib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eyni zamanda, Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımı törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib.

Qan yaddaşı 2018-03-30 14:11:00