×
A
A
A
Sazlamalar

Memarlıq və İnşaat Universitetində 31 mart soyqırımı ilə bağlı sərgi təşkil olunub

Bakı, 30 mart, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, açılışdan əvvəl universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva çıxış edərək ermənilər tərəfindən 1918-ci il mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımından 100 il ötdüyünü, xalqımızın məruz qaldığı qanlı faciələr sırasında mart qırğınlarının ağır və dəhşətli nəticələri ilə seçildiyini deyib. Digər çıxış edənlər də soyqırımının tarixinə nəzər salıb, 1918-ci ildə soydaşlarımızın başına gətirilən bəlalardan danışıblar.
Sərgidə universitetin memarlıq fakültəsinin tələbələrinin 30-a yaxın rəsm əsəri və plakat işləri nümayiş olunur. Tələbələr əsərlərində tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının başına gətirilən faciə və qətliamları, Xocalı faciəsinin yaşatdığı dərn hüznü, ermənilərin qaniçən simasını göstərməyə çalışıblar. Sərgidə tələbələrin çəkdikləri rəsm əsərləri ilə yanaşı, ermənilərin xalqımıza qarşı zaman-zaman məqsədyönlü surətdə həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs edən kitablar da nümayiş olunub.
Sərgi aprelin 3-dək davam edəcək.

Qan yaddaşı 2018-03-30 12:07:00