×
A
A
A
Sazlamalar

Azərbaycan-İtaliya əlaqələri inkişaf edir

Bakı, 29 mart, AZƏRTAC

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfanonun dəvəti ilə Romada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin və dostluğun yüksək səviyyədə olduğunu bildiriblər. İki ölkə arasında iqtisadi-ticarət, enerji və mədəniyyət sahələrində əməkdaşlığın uğurla inkişaf etdiyi və İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən əsas ticarət tərəfdaşı olduğu qeyd edilib.
Nazirlər Cənub Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini vurğulayıb və bu xüsusda ölkələrimiz arasındakı əməkdaşlığı təqdir ediblər.
Tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı məsələsinə toxunublar. İtaliyalı nazir ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsini dəstəklədiyini deyib.
Görüşdə İtaliyanın ATƏT-in fəaliyyətdə olan sədri statusuna toxunulub. İtaliyalı nazir ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov İtaliyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinə görə təşəkkür edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarılması barədə tələblərini hələ də yerinə yetirmədiyini vurğulayıb. Nazir vurğulayıb ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktında təsbit olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici siyasət 2018-03-29 18:38:00