×
A
A
A
Sazlamalar

Azərbaycanlıların soyqırımının 100 illiyi Küveytdə qeyd edilib

Bakı, 29 mart, AZƏRTAC

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Küveytdə anım mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.
Tədbirdə Küveytdə yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Türkiyənin bu ölkədəki səfiri və səfirliyin əməkdaşları, Şimali Kipr Türk Respublikasının turizm nümayəndəliyinin təmsilçiləri, müxtəlif ölkələrin diaspor təşkilatlarının üzvləri, ictimai-siyasi xadimlər, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli jurnalistlər iştirak ediblər.
Soyqırımı qurbanlarının, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən səfir Elxan Qəhrəman 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalandığı tarixdən başlayaraq “böyük Ermənistan” yaratmaq xülyasının gerçəkləşdirilməsi məqsədilə Azərbaycan sərhədlərinin dəyişdirildiyini, torpaqlarımızın zəbt edildiyini, ermənilərin kütləvi surətdə həmin ərazilərə köçürüldüyünü və soyqırımı siyasətinin Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyini vurğulayıb. O, erməni qəsbkarlarının azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayətlər nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, tarixi abidələrin, məscidlərin, məktəblərin və xəstəxanaların yandırıldığını qeyd edib.
Diplomat ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə İstintaq Komissiyasının yaradıldığını, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlərin görüldüyünü, lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu prosesin dayandırıldığını, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısının alındığını mərasim iştirakçılarının diqqətinə çatdırıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyi və 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini bildirib.
Türkiyənin Küveytdəki səfiri Ayşə Hilal Sayan Koytak qardaş ölkə Azərbaycanın bu kədərli anım günündə azərbaycanlılar ilə birgə olmaqdan qürur duyduğunu və 1918-ci ildə baş verən faciəvi itkilərə görə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, Türkiyənin Azərbaycanla ümumi tarixə və mədəniyyətə malik olduğunu deyib. Bildirib ki, Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır, ölkələrimiz arasında ikitərəfli münasibətlər mükəmməl səviyyədədir və hər iki ölkə beynəlxalq tədbirlərdə bir-birini daim dəstəkləyir.
2018-ci ildə həm Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, həm də Qafqaz İslam Ordusunun Bakıya gəlməsinin 100 illiyinin qeyd olunduğunu, bu çərçivədə hər iki ölkə cari ildə birgə geniş tədbirlər təşkil etməyi planlaşdırdığını diqqətə çatdırıb. Səfir fürsətdən istifadə edərək, 100 il əvvəl Azərbaycanda 1130 əsgəri şəhid olmuş Nuru Paşa və Qafqaz İslam Ordusunun xatirəsini yad etmək istədiyini deyib.
Küveytdə yaşayan və işləyən Azərbaycan vətəndaşı Fərid Cəfərov Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən birinin də 100 il əvvəl - 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olduğunu deyib. O deyib ki, həmin dövrdə daşnak hərbi qüvvələrinin vasitəsilə təşkil edilmiş bu soyqırımını başda Stepan Şaumyan olmaqla, erməni bolşevikləri vətəndaş müharibəsi kimi qələmə verməyə və bununla da əsl tarixi həqiqəti ört-basdır etməyə çalışırdılar. Lakin zaman hər şeyi öz yoluna qoyub. Erməni bolşeviklərinin əsl siması məlum olub. Xalqımıza qarşı soyqırımı törətmiş bu vəhşilər öz tarixi cinayətlərini gizlədə bilməyiblər.
Sonra mərasim iştirakçıları azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli filmə baxıblar.

Qan yaddaşı 2018-03-29 17:40:00