×
A
A
A
Sazlamalar

31 mart soyırımı Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalacaq

Bakı, 29 mart, AZƏRTAC 

Martın 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələr üçün 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfrans dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunub. Tədbirdə çıxış edən universitetin ictimai fənlər kafedrasının müdiri Könül Əliyeva 1918-ci il martın 31-də törədilmiş qətliamların Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qaldığını söyləyib.
Kafedranın baş müəllimi İzzət Musayeva çıxışında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların tarixi köklərinin 18 və 19-cu əsrlərə dayandığını və 200 yüz ildən artıq bir dövrü əhatə etdiyini deyib. O, azərbaycanlılara qarşı törədilmiş soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi-siyasi qiymətin verildiyini diqqətə çatdırıb. Kafedranın müəllimi, professor Dilqəm İsmayılov ermənilərin soyqırımı siyasəti nəticəsində soydaşlarımızın ağır işgəncələrlə öldürüldüyünü konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra tələbələrin 31 mart hadisələri ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mühazirələri dinlənilib.

Qan yaddaşı 2018-03-29 15:14:00