×
A
A
A
Sazlamalar

Qazaxıstanlı tələbələr 31 mart soyqırımı haqqında məlumatlandırılıb VİDEO

Astana, 29 mart, AZƏRTAC

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində bu ölkənin Humanitar və Hüquq Universitetinin tələbələri ilə görüş təşkil edilib.
Görüşdən əvvəl səfirlikdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə aid fotosərgiyə baxış olub.
Görüşdə çıxış edən səfir Rəşad Məmmədov bildirib ki, mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.
Diqqətə çatdırılıb ki, rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Tələbələrə müxtəlif dillərdə tvitlərdən ibarət elektron baza haqqında məlumat verilib. Onlar paylaşımlar zamanı #31marchgenocide #31online həştəqlərindən istifadə edə, sosial şəbəkələrdə kütləvi çağırışlara qoşulmaqla Azərbaycanın haqq səsinə qoşula bilərlər.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, reallıqlar və həqiqətlər barədə də danışıb. Azərbaycanın üzləşdiyi haqsızlıqlar tutarlı arqumentlərlə tələbələrin diqqətinə çatdırılıb.
Səfir gələcəkdə diplomat olmaq istəyən qazaxıstanlı gənclərə bildirib ki, harada və necə çalışmalarına baxmayaraq diplomat işğal faktının qəbuledilməzliyini diqqətdə saxlamalıdır. Bütün tribunlarda soyqırımı aktları pislənilməli, günahsız insanların qətlə yetirilməsinə qarşı sərt mövqe bildirilməli, ölkələrin ərazi bütövlüyünə qəsd edənlərə qarşı fəaliyyət konkretləşdirilməlidir.
Sonra tələbələrin sualları cavablandırılıb.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Qan yaddaşı 2018-03-29 14:36:00

Video