×
A
A
A
Sazlamalar

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar beynəlxalq elmi konfrans işə başlayıb VİDEO

Bakı, 29 mart, AZƏRTAC
1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar martın 29-da Bakıda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda konfransa Azərbaycan ilə yanaşı, bir neçə ölkədən tanınmış alimlər qatılıblar.
Konfransda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov tədbirdə çıxış edərək ermənilərin iki əsrə yaxın müddətdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, “böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnakları bu məqsədlərini reallaşdırmaq üçün Azərbaycan, Türkiyə, İran, Gürcüstan ərazilərində müxtəlif cinayətlər, soyqırımları törədiblər. Bu soyqırımlarının arasında fəlakətin genişliyinə görə ən dəhşətlisi 1918-ci ilin mart soyqırımı olub. Erməni daşnakları və silahlı quldur dəstələri həmin vaxt təkcə Azərbaycanda on minlərlə dinc insanı qətlə yetirib, minlərlə yaşayış məntəqəsini yerlə-yeksan ediblər. Faciədən iki ay sonra qurulan Azərbaycan Xalq Cümhuriyyəti bu soyqırımının dəhşətlərini araşdırmaq üçün genişmiqyaslı təhqiqat işlərinə başlayıb. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb və ona lazımi siyasi-hüquqi qiymət verilməyib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sonrakı proseslərdə Qubada kütləvi məzarlığın aşkarlanması erməni terrorçu-quldur dəstələri tərəfindən törədilən soyqırımının dəhşətlərini və geniş coğrafiyasını bir daha təqdim edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqına qarşı soyqırımı siyasətini davam etdirən erməni terrorçu-silahlı dəstələri və hərbi birləşmələri 1980-ci illərin sonlarında-1990-cı illərin əvvəllərində ölkəmizin ərazisinin 20 faizini işğal edib, 1992-ci ilin fevralında Xocalıda qanlı terror aktı törədiblər. İsmayıl Axundov Dövlət Komissiyasının ermənilərin törətdikləri qanlı cinayətlər və soyqırımları ilə bağlı araşdırmalar apararaq, ortaya çıxarılan faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirdiyini bildirib.
Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin direktoru, professor Kamal Çiçək çıxışında beynəlxalq ictimaiyyəti soyqırımına məruz qalmaları barədə uydurma yalanlarla çaşdırmağa çalışan ermənilərin Qafqaz bölgəsində törədilən soyqırımların əsas səbəbkarları və iştirakçıları olduqlarını qeyd edib. Ermənistanın qurulduğu andan etibarən daim millətçi, şovinist və etnik təmizləməyə əsaslanan siyasət yürütdüyünü vurğulayan professor təəssüflə bildirib ki, bu soyqırımı və etnik təmizləmə siyasəti bu gün də davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi konfransda “XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə” mövzusunda çıxış edərək soyqırımının dəhşətlərindən danışıb, bu faciənin miqyasının öyrənilməsi ilə əlaqədar Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Fövqəladə Təhqiqat Komissiyasının qurulduğunu və genişmiqyaslı araşdırmalar aparıldığını bildirib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb. Yalnız Azərbaycanın müstəqilliyinin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına dair geniş araşdırmalar aparıldı, həqiqətlər ortaya çıxarıldı və 31 mart soyqırımına lazımi qiymət verildi.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il yanvarın 18-də 31 mart - azərbaycanlıların soyqırımının 100 iliyi ilə əlaqədar genişmiqyaslı tədbirlərin keçirilməsi barədə Sərəncam imzaladığını, müvafiq Tədbirlər Planının hazırlandığını bildirib. O, ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlıların qətlə yetirilməsi ilə yanaşı, xalqımıza aid qədim tarixi-mədəni abidələrin də məhv edildiyini vurğulayıb. Bildirib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə olunur.
Açılış çıxışlarından sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Qan yaddaşı 2018-03-29 11:18:00

Video